Mikayıl Cabbarov: “Könüllü vergi ödəmələrinin həcmi artır”

  20 May 2019    Oxunub : 1116
 Mikayıl Cabbarov: “Könüllü vergi ödəmələrinin həcmi artır”
Vergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş bir sıra dəyişikliklər nəticəsində vergiödəyiciləri üçün demək olar ki, yeni hüquqi bir çərçivə yaradılıb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarov deyib.

“Bununla yanaşı, bir ildən çox müddətdə nazirlik vergi inzibatçılığının keyfiyyətinin təkmilləşməsinə xüsusi diqqət yetirib. Bu, özünü vergiödəyicilərinə xidmətin keyfiyyətində və vergiödəyiciləri ilə işin aparılmasında da göstərib. Belə demək olarsa, məlumatların emalı, informasiya texnologiyalarının tətbiqi istiqamətində səylərin artırılması və paralel olaraq vergiödəyicisi ilə birbaşa ünsiyyətin, yəni səyyar vergi yoxlaması və digər vergi nəzarəti tədbirlərinin azaldılması istiqamətində işlər apardıq”, - deyə nazir qeyd edib.

Vergi sistemində dəyişikliklərin zəruriliyini vurğulayan M.Cabbarov həmin dəyişikliklərin biznes və iş adamları tərəfindən də müsbət qarşılandığını söyləyib: “Bunun nəticəsində könüllü vergi ödəmələrinin həcmi artır. Göstəricilər müsbətdir. Əgər birinci rübün sonuna vergi daxilolmalarının həcmi proqnozdan 150 milyon manat çox idisə, ilk 4 ayın nəticəsində bu göstərici 200 milyon manatı keçib. Bütün bunların əsas səbəbi vergi qanunvericiliyinin çərçivəsinin dəyişməsidir”.

Azvision.az

Teqlər: Mikayıl-Cabarov