ADRA-da Apellyasiya Şurası yaradılıb

  20 May 2019    Oxunub : 653
ADRA-da Apellyasiya Şurası yaradılıb
Azərbaycan Respublikası Prezidentinin 6 may 2019-cu il tarixli Fərmanının icrası olaraq, açıq məkanda reklam yayımı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması üzrə Dövlət Reklam Agentliyinin Apellyasıya Şurası yaradılıb.
ADRA-dan Azvision.az -a verilən məlumata görə, Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında qurmaqla, sahibkarların müraciətlərinə operativ və obyektiv şəkildə baxan kollegial orqandır. ADRA-da Şuranın yaradılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, o cümlədən Şuranın və onun Katibliyinin üzvləri müəyyən olunub.

20 may 2019-cu il tarixdə Dövlət Reklam Agentliyində Şura sədrinin rəhbərliyi ilə Şuranın ilk iclası keçirilmiş, Şuranın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, şikayətlərə baxılması mexanizmləri barədə Şura üzvləri, onun Katibliyi və ADRA-nın müvafiq struktur bölmələrinin rəhbərləri məlumatlandırılmış və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmış, aidiyyəti tapşırıqlar verilib.

Artıq sahibkarlar özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı ADRA-nın qərarlarından, hərəkət və hərəkətsizliyindən Apellyasiya Şurasına müraciət edə biləcəklər. Yaxın zamanlarda sahibkarların həmçinin ADRA-nın rəsmi internet səhifəsi vasitəsi ilə də Şuraya elektron qaydada müraciət etmək imkanı təmin olunacaqdır.

Azvision.az

Teqlər: ADRA