35 mindən çox abituriyentin imtahan günü - REPORTAJ (FOTOLAR)

  35 mindən çox abituriyentin imtahan günü -    REPORTAJ (FOTOLAR)
  19 May 2019    Oxunub:10666
Bu gün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə imtahan keçirilib. İmtahanda 35422 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 14031 abituriyent II qrup üzrə, 21391 abituriyent isə III qrup üzrə imtahan verib.


İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.

Azvision.az -ın əməkdaşı Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbdə imtahan prosesini izləyib.



Məktəbin binası önündə övladlarını, nəvələrini imtahana yola salan valideynlər, nənə-babalar həyəcanla onların yolunu gözləyirdilər. Abituriyentlərin yaxşı nəticə göstərmələri üçün dua edir, bir-birilərinə ürək-dirək verirdilər.



Həmsöhbətimiz Firuzə nənə iki əkiz nəvəsini gözlədiyini deyir. "İki əkiz qız nəvəm eyni anda imtahan verir. İkisi də xoşbəxtlikdən bura düşüb. Çox həyəcan keçirirəm, lakin onların həyəcanı bizdən də çoxdur. 3 il hazırlaşıblar, İnşallah zəhmətləri yerdə qalmaz. Ən azı hərəsindən 400 bal gözləyirik".



Südabə nənə də qız nəvəsinin yolunu gözləyirdi. III ixtisas qrupuna imtahan verən nəvəsinin 2 il hazırlaşdığını və ondan gözləntilərin çox olduğunu bildirib.

Valideynlər də tez-tez saata baxır, imtahanın başa çatmasını gözləyirdilər. Hamı diqqətlə qapıdan çıxan abituriyentlərə baxırdı.



İmtahan prosesini yaxından izləmək üçün binaya daxil olduq. Yoxlanışdan keçdikdən sonra bizi Dövlət İmtahan Mərkəzinin Sumqayıt şəhəri 12 nömrəli məktəbdəki əməkdaşı Günay Rüstəmzadə qarşıladı. O, ilk olaraq nə qədər abituriyentin imtahanda iştirak etdiyi və imtahan prosesi barədə məlumat verdi.



DİM nümayəndəsinin sözlərinə görə, imtahan prosesində 585 abituriyentin iştirakı nəzərdə tutulub.

"Onlardan 581 nəfəri imtahanda iştirak edib, 4 nəfər isə gəlməyib. İmtahan saat 11:00-da başlayıb, indiyə qədər heç bir qanun pozuntusu olmayıb. Abituriyentlər onlara təhvil verilən sual kitabçaları ilə tanış olub, cavablandırıblar. Halı pisləşən, özünü pis hiss edən hələki yoxdur. Həmçinin bu saata qədər imtahan prosesindən tez çıxan abituriyent olmayıb".



G.Rüstəmzadə yoxlanış zamanı abituriyentlərdən qadağan olunmuş əşyalar aşkar edilmədiyini vurğulayıb.

"Bir abituriyent iki suyu olduğu üçün birini təhvil verdi, bir abituriyent isə üzərində olan şirniyyatı təhvil verdi ki, çıxanda götürsün".



Abituriyentlərdən əsasən ağardıcı qələmlər, alışqan, ətir və ağrı kəsici dərmanlar götürülüb. Qızların yoxlanışı zamanı isə üzərilərində olan qazlı və rəngli içkilərin içəri keçirilməsinə icazə verilməyib.

G.Rüstəmzadə əlavə edib ki, 12 saylı məktəbdə bir nəfər gözdən əlil gənc də imtahan verib.

"III ixtisas qrupuna imtahan verir. Ona nəzarətçi təhkim olunub, özü oxuyur, cavabları isə nəzarətçi qaralayır. Onun üçün ayrıca otaq ayrılıb və digər abituriyentlərdən fərqli olaraq ona 4 (bir saat artıq) saat vaxt verilib".



Müşahidələrimiz zamanı gördük ki, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Binaların girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin olunması üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb.

İmtahanın müddəti 3 saat olsa da, sualları 2 saat ərzində cavablandırıb, çıxanlar da var idi.



Onlardan biri III ixtisas qrupu üzrə imtahan verən Həziyeva Dilbərdir. Sualları tez bir vaxtda cavablandırmağına baxmayaraq, çətinlik çəkdiyi sahələrin olduğunu söyləyir.

"Əsasən ədəbiyyatdan suallarda bir qədər çətinlik çəkdim. Ümümiyyətlə, imtahan sualları bir qədər çətin idi. Yazmadığım suallar da oldu".



4 saylı Qubadlı məktəbinin şagirdi olan Dilbər Azərbaycan Dövlət Pedoqoji Universitetinə sənəd vermək istəyir.

III ixtisas qrupu üzrə imtahan suallarını cavablandıran Cavid İsgəndərov Sumqayıt şəhəri 14 saylı orta məktəbdə rus dili bölməsində təhsil alır. O, imtahan suallarının asan olduğunu hesab edir:



"Fənlər üzrə suallar oxuyanlar üçün asan idi, Rus dili fənnindən suallar bir qədər çətin idi, amma buraxılış imtahanında belə çətin deyildi. Ümid edirəm ki, 500 baldan çox toplayaram. Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində qəbul olmaq istəyirəm".



Abituriyent Bayram Bağırov imtahanın normal keçdiyini və sualların çətin olmadığını deyir: "Yalnız Ədəbiyyatdan olan suallar bir qədər çətin idi, onlardan bir-ikisini yazmadım".



Qeyd edək ki, imtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib.



Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunub ki, bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir.

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan  





Xəbər lenti