“Nə dəhşət imiş evinin qapısını xəyallarda döymək...”

   “Nə dəhşət imiş evinin qapısını xəyallarda döymək...”
  18 May 2019    Oxunub:3206
Qönçəgül Kamal qızı

Sənə necə qovuşsam?
Göyəmi çıxsam, torpağamı gömülsəm?
Çarəsi varmı dərdimin?
Bu həyat necə keçdi kaş biləsən.
Yüyənsiz, yəhərsiz, ayaqyalın at belində. Röyalarda dağlara, dərələrə baş alıb getdi nəfəsi kəsilənəcən.
Dörd fəsli necə yaşadım, heç bilmirəm.
İçində həsrət olunca, dörd mövsümdə də üşüyərmiş insan.

Hər yaz gələndə gözlərimi yumub zəncirotunun çiçəklərini üflədim.
Nəfəsimi rüzgar gətirdimi sənə?
Yadına düşdümmü heç?
Yoxsa unutdun məni. Acizliyimə, vəfasızlığıma görə.

* * *

Uşaq vaxtı bir yaşıl darağım vardı. Nədənsə son zamanlar hər güzgüyə baxanda o darağımı xatırlayıram.
Bəlkə də heç vaxt qocalmayacağını düşünən, oyuncaqlarıyla ev qurub, amma evi dağılan, gəlinciklərə öz nağılını danışan, sonu hüsran olan o qızcığazın qapqara saçlarını daramağın həsrətindəyəm.
Bitmədi ki, bu həsrət.
Sonu olmadı bu ayrılığın.
Sən demə bütün sevgilərin ən gözəli sənmişsən.
Sən demə, ən çox sənə susayarmış dodaqlar.
Ən gözəl şeirlər sənə yazılarmış.
Ən unudulmaz qovuşmalar sənlə olarmış.

* * *

Daha ümidlərimi ipə-sapa düzüb boynuma bağlamıram.
Hər il bir ümidim itir boyunbağım qırıldıqca.
Nə çəhrayı xəyallarım var artıq, nə də işıqlı arzularım.
Qapımızdakı yasəmənin bənzərini də axtarmıram.
Qürbət qoxuyar nə də olsa bütün güllər.
Hər gecə küçəmizdə var-gəl edirəm hələ də.
Evimizə elə hey uzaqdan baxıram.
Nə dəhşət imiş evinin qapısını xəyallarda döymək.
Dağların dumanını baxışlarınla oxşamamaq.
Əllərinə bir ovuc torpaq sığdıra bilməmək.
İllərin ürəyimi yaralayan boş gilizlərini sayıram yenə.
Bir, iki, üç..... Tam 27-di oldu.
Rəqəmlərin anlamı var deyirlər.
Tilsim nə vaxt çözüləcək, ey sevgililərin ən füsünkarı?
Mən səni bir an belə unutmadım.
Gözümün yaşında, ürəyimin döyüntüsündə saxladım.
Sən də məni unutma. Heç olmazsa bir məzarlıq torpaq saxla.
Ovuclarımdan axıb gedən gəncliyimi dəfn etmək üçün.
Nimdaş xəyallarıma bürünüb, sənə gələcəyəm.



Teqlər: Laçın  





Xəbər lenti