Xaçmazda silsilə oğurluqlar edən dəstə tutuldu - FOTOLAR

  Xaçmazda silsilə oğurluqlar edən dəstə tutuldu -    FOTOLAR
  17 May 2019    Oxunub:2632
Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən, kafe və restoranlardan silsilə oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran altı nəfərdən ibarət oğru dəstə saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onların Xaçmaz rayon sakinləri Mirbaba Ağayev, Zöhrab Şıxıyev, Zaur Mustafayev, Tərxan Məmmədov, Əmrah Zülfüqarov və əvvəllər məhkum olunmuş Allahverdi Sadıxov olduqları müəyyən edilib.



Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri ondan çox evlərə, eləcə də gecə vaxtı bağlı olan kafe və restoranlara qanunsuz daxil olaraq, oradan pul, xalçalar, televizorlar, paltaryuyan, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıblar.



Oğurladıqları qənimətləri Əmrah Zülfüqarova məxsus nəqliyyat vasitəsi ilə hadisə yerindən aparan dəstə üzvləri, həmin əşyaların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb.



Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktlarla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.



Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti