70 illik nümunəvi ailə - 7 övlad, 15 nəvə, 10 nəticə

  16 May 2019    Oxunub : 1465
 70 illik nümunəvi ailə - 7 övlad, 15 nəvə, 10 nəticə
Ordubad rayonunun Bist kəndində yaşayan uzunömürlü Tahirovlar ailəsinin 70-ci ildönümü qeyd olunub.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirdə uzun illər pedaqoji fəaliyyətlə məşğul olan ailə başçısı Mahmud Tahirovun həyatından söhbət açılıb, ailənin 7 övladı, 15 nəvəsi və 10 nəticəsi olduğu vurğulanıb.

Muxtar Respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov ailəni evliliklərinin 70 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı və firavan həyat arzulayıblar.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında dövlət ailə siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan ailələrin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, ailələrinin məşğulluqlarının təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində mühüm işlər görülür. Milli-mənəvi dəyərlərimizin yaşadılması, ailələrə göstərilən diqqət və qayğı nəticəsində Naxçıvanda bu gün evliliklərinin 50, 60, 65, 70 ili tamam olan ailələrin sayı çoxdur. Belə uzunömürlü və nümunəvi ailələrin yubileylərinin geniş şəkildə qeyd edilməsi muxtar respublikada ailələrə göstərilən diqqətin daha bir nümunəsidir.

Sonda ailəyə hədiyyələr və gül buketi təqdim olunub. Mahmud Tahirov və onun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiOrdubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Azvision.az

Teqlər: Naxçıvan   Ailə