AQTA mobil səhra laboratoriyasını təqdim edib

  15 May 2019    Oxunub : 1140
AQTA mobil səhra laboratoriyasını təqdim edib
AQTA “WorldFoood Azerbaijan 2019” Sərgisində Qafqazda ilk dəfə olaraq 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyasını təqdim edib.
Agentlikdən Azvision.az –a verilən məlumata görə, tədbirdə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət geniş çeşidli qida məhsulları və bu sahədə ən son innovativ yeniliklərini nümayiş etdirirlər.



Sərginin açılış mərasimində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” Sərgisi qida sənayesi üzrə avadanlıqların, müasir texnologiyaların, məhsul və xidmətlərin nümayiş olunduğu, qarşılıqlı əməkdaşlığın qurulduğu və biznes tərəfdaşları ilə mövcud əlaqələrin daha da möhkəmləndiyi, yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi özünü doğruldub. Q.Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı ilk ildən etibarən “WorldFood Azerbaijan” qida sənayesi üzrə ixtisaslaşmış sərgidə iştirak edib və Agentliyin təqdim etdiyi ilk stend sərgi iştirakçılarının böyük marağına səbəb olub. “Qida Təhlükəsizliyi Agentliyininə məxsus bu ilki guşədə sərgi iştirakçıları müxtəlif qida məhsullarında təhlükəsizlik göstəricilərinin təyin edilməsini əyani şəkildə izləmək imkanı əldə edirlər. Eyni zamanda mütəxəssislər tərəfindən qida sahəsində böhran vəziyyətlərinin idarə edilməsinin, ixrac potensialı yüksək olan və daxili bazarda yoxlamalar zamanı ən çox saxtakarlığa məruz qalan məhsulların laborator müayinələrinin nümayişi həyata keçirilir.



Bu il həmçinin sərginin Agentlik üçün ayrılmış çöl sahəsində iştirakçılara Qafqazda ilk dəfə olaraq 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilir. Bu laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək 2-3 saat ərzində xəstəliyin aşkarlanması potensialına malikdir. Bununla yanaşı, sərgidə iştirakçılara Səyyar Baytar Laboratoriyası da təqdim olunacaq. Laboratoriya xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostik müayinəsi üçün zəruri avadanlıqlarla təchiz edilib. Bu səyyar laboratoriya vasitəsilə ölkənin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsi, xəstəliyin zamanında aşkarlanması mümkündür”. Qeyd edək ki, sərgi çərçivəsində 17 may tarixində 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.

Azvision.az

Teqlər: AQTA   sərgi