Heydər Əliyevin xatirəsi Meksikada anılıb

Heydər Əliyevin xatirəsi Meksikada anılıb
  13 May 2019    Oxunub:1702
10 may tarixində ölkəmizin Mexikodakı Səfirliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı təşkil edilmiş tədbirdə Meksikada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Meksikada yaşayan həmvətənlərimiz, Mexiko şəhəri Migel Hidalqo bələdiyyəsi və yerli KİV nümayəndələri, Azərbaycanın Meksikalı dostları iştirak edib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, tədbirdə Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, onun müasir Azərbaycanın banisi olduğunu, ölkə tarixində həlledici rolunu qeyd edərək Vətənimizi xaos və böhrandan xilas edərək müdrik və uzaqgörən siyasəti nəticəsində dünyanın geosiyasi baxımdan ən mürəkkəblərdən biri olan regionda yerləşən ölkəmizin qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkəyə çevrilməsinə nail olduğunu bildirib.

Azərbaycanlı diplomat qeyd edib ki, hər bir Azərbaycanlı gündən günə daha da inkişaf edən, güclənən və dünyada nüfuzu artan ölkəmizi müşahidə edərkən Ülu Öndərin Azərbaycan tarixində misilsiz rolunu və onun verdiyi müdrik qərarların nəticəsini daha da aydın anlayır. Qüdrətli dövlət xadimi, dahi şəxsiyyət, uzaqgörən siyasəti ilə bütün region və ondan kənarda yeni reallıq yaradmış, əsrin ən parlaq simalarından olan Heydər Əliyevin bütün həyatını öz Vətəninə - doğma Azərbaycana həsr etdiyini bildirən diplomat hər bir Azərbaycanlının bu xatirələri yaşatmalı olduğunu vurğuladı.

O, Heydər Əliyev irsinin dünyada tanıdılmasında, onun gələcək nəsillərə çatdırmaqda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yaranmasının 15-ci il dönümünü qeyd edən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etdi. Fondun həm Azərbaycanda, həm də bir sıra digər ölkələrdə mədəniyyət, humanitar, təhsil və bir çox digər sahələrdə mühüm layihələrin uğurla həyata keçirdiyi barədə danışdı. Bildirdi ki, bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi davamlı uğurları, ölkəmizin təşəbbüsü ilə dünya miqyaslı layihələrin böyük müvəffəqiyyətlə həyata keçirilməsi - bütün bunlar məhz Ulu öndərin müəyyən etdiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində mümkün olub.

Sonradan tədbirin qonaqları Ulu Öndərin həyat yolu və fəaliyyəti barədə materiallarla tanış oldu.

Azvision.az


Teqlər: Meksika   Heydər-Əliyev  





Xəbər lenti