“Onun ölümü Azərbaycan üçün böyük itkidir”

   “Onun ölümü Azərbaycan üçün böyük itkidir”
  09 May 2019    Oxunub:3554
"Azərbaycan xalqı yaşadıqca Arif Məlikov da yaşayacaq"
Azvision.az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev bəstəkar, Xalq artisti Arif Məlikovun vida mərasimində deyib. O, mərhumun ailəsinə başsağlığı verib.

Mərasimdə çıxış edən Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, Arif Məlikovla yaxın dost olublar.

"Arif müəllim mənim atamla da dost idi. Sonradan mənim yaxın dostum oldu. Xəstə idi, amma işə gəlirdi, tələbələrinin problemləri ilə maraqlanırdı. Kiminsə maddi problemi olanda, kömək edirdi. Yaşlı vaxtında belə o qədər işləyirdi ki, gözləri zəifləmişdi. Onun ölümü Azərbaycan üçün böyük itkidir. O, bizim aramızdan getdi, amma əsərləri daim yaşayacaq. Mən böyük dostumu itirdim".

Millət vəkili İsa Həbibəylinin sözlərinə görə, Arif Məlikovun ölümü Azərbaycan elmi üçün də böyük itkidir.

"Fundemental akademik düşüncəyə sahib insan idi. Fikrət Əmirovdan, Qara Qarayevdən sonra bir zirvə idi. "Məhəbbət əfsanəsi" əsəri xalqımıza dünya şöhrəti qazandırmış əsərdir. O, əsl vətəndaş, ictimai xadim idi".

Qeyd edək ki, Xalq artisti, Əməkdar incəsənət xadimi Arif Məlikov bu gün vəfat edib. Arif Məlikov Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. O, müxtəlif janrlarda əsərlər - balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operettalar müəllifidir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Arif-Məlikov   Xalq-Artisti  





Xəbər lenti