Bakıda Tomas Andersin konserti olub - VİDEO

  09 May 2019    Oxunub : 1700
Bakıda Tomas Andersin konserti olub - VİDEO
Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçirilib.
Azvision.az -ın məlumatına görə, "Musiqi centlmeni - Tomas Anders" ("Thomas Anders - The Gentlemen of Music") adlı konsert proqramında müğənni ən sevilən mahnılarını, məşhur hitlərini səsləndirib. Tamaşaçıları "Salam, Bakı" deyə salamlayan Tomas Andres bu şəhərdə13 il əvvəl olduğunu və ötən müddət ərzində Bakının çox dəyişdiyini, gözəlləşdiyini qeyd edib.

Müğənni Heydər Əliyev Mərkəzinin çox heyrətamiz memarlıq incisi olduğunu vurğulayıb: "Bura mənim indiyədək olduğum bütün məkanların ən gözəli, ən möhtəşəmidir. Binanın arxitekturası insana ilham verir".

Tomas Anders konsertdə "You're My Heart, You're My Soul", "Cheri Cheri Lady" və digər məşhur mahnılarını səsləndirib. Bayram ab-havalı konsertdə tamaşaçılar da ifalara qoşulub, hitləri müğənni ilə birgə oxuyublar.

Tomas Anders (Bernd Vaydunq) ötən əsrin 80-90-cı illərində "Modern Talking" qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 ilə yaxındır ki, şöhrətin zirvəsindədir.

Tomas Anders Diter Bolenlə birlikdə yaratdığı "Modern Talking" qrupunun "You're My Heart, You're My Soul" adlı ilk sinqlı 81 ölkədə birinci olub. Qrup fəaliyyətini dayandırdıqdan sonra Tomas Anders solo karyerasını davam etdirib.

"Modern Talking" və Tomas Andersin solo musiqi albomlarının satışları dünya üzrə 125 milyonu ötüb. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb.



Azvision.az

Teqlər: Tomas-Anders   Konsert