Qiymətli kağızlar bazarının icmal göstəriciləri

   Qiymətli kağızlar bazarının icmal göstəriciləri
  07 May 2019    Oxunub:3399
2019-cu ilin I rübü ərzində qiymətli kağızlar bazarında ümumilikdə 5 663.5 mln. manat həcmində əməliyyat aparılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən xəbərə görə, əməliyyatların 73.2%-i (4 144.8 mln. manat) ilkin bazarda, 26.8%-i (1 518.7 mln. manat) isə təkrar bazarda aparılıb. Belə ki, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızların ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% (1 103.2 mln. manata) artıb.

Korporativ qiymətli kağızlar

2019-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin 3.3 dəfə artmasına səbəb olub. Əlavə olaraq korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 12 dəfə artaraq 444 mln. manata çatıb. Ümumilikdə, ölkənin korporativ qiymətli kağızlarının ilkin bazarında 37% artım müşahidə olunub.

Dövlət qiymətli kağızları

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 41% (2 608.2 mln. manat) artaraq 3 671.8 mln. manat təşkil edib. Bunun 227.5 mln. manatını Maliyyə Nazirliyinin istiqrazları, 3 444.3 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 8 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 13 hərrac keçirilib və müvafiq olaraq, 151.8 mln. manat və 3 363.1 mln. manat məbləğində yerləşdirmə olub.

Repo və əks-repo əməliyyatları

Hesabat dövründə repo əməliyyatlarının ümumi məbləği 101 mln. manat olub. Dövlət istiqrazları ilə bağlanan repo əməliyyatların həcmi ötən illə müqayisədə 16% artaraq 92.6 mln. manat təşkil edib.

Azvision.az


Teqlər: Qiymətli-kağızlar  





Xəbər lenti