Bakı Bulvarı: 110 il əvvəl biznes necə qurulurdu? - TARİXİ ARAŞDIRMA

      Bakı Bulvarı:    110 il əvvəl biznes necə qurulurdu? -    TARİXİ ARAŞDIRMA
  02 May 2019    Oxunub:17069
Yeganə Kamal Cabbarlı
Azvision.az üçün

(Yazının əvvəlini BURADAN oxuya bilərsiniz)

May ayının 5-də baş tutan hərracın nəticələri Dumanın həmin günkü iclasında müzakirəyə çıxarılır. Nəticələr barədə məruzəni uprava üzvü Hacınski edir. O bildirir ki, sinematoqraf üçün ərazi illik 4.000 rub. icarə haqqı olmaqla V.İ.Qofmanda qalır. Upravanın təyin elədiyi rəqəm isə 1500 rublu ötmürdü. Sinematoqrafın tikintisi 8-10 min rubl təşkil edirdi ki, bu təmir işləri də icarədarın hesabına aparılır və 5 ildən sonra tikili bütünlüklə şəhərin ixtiyarına verilirdi.

Lakin kafe-restoranın ticarəti üçün müraciət edən tapılmır və Duma belə qərara gəlir ki, buna səbəb orada spirtli içkilərin satılmasına qadağa qoyulması idi. Həmin restoranın tikilməsinə 4 500 rub. vəsait xərclənməsi nəzərdə tutulmuşdu.

Köşkə gəldikdə isə D.B.Qəmbərov adlı sahibkar ildə 300 rubl icarə haqqı ödəməklə köşkü almaq istəsə də, uprava bu məbləği sərfəli hesab etmədiyindən, özü köşkü tikib, icarəyə verməyi qərarlaşdırır. (”Баку”, 1909 г., №100, стр.3)
1909-cu ilin 22 iyun tarixində isə Bakı Şəhər Upravası dekabr ayının 22-də yeni bulvarda pavilyon, çimərlik və restoran tikintisində iştirak etmək istəyənlərə konkurs keçiriləcəyi barədə elan verir. (”Баку”1909 г.,№264, стр.3)

Baş verənlər göstərirdi ki, Bakı bulvarı ümumilikdə şəhər cəmiyyətinə yeni nəfəs vermişdi. Əhalinin bulvar ziyarətləri çoxaldıqca bu istirahət məkanı iş adamları üçün potensial gəlir mənbəyinə çevirilmişdi. Əslində məsələnin kökündə əhalinin istirahətinin təminatı dayansa da, iş adamları, tüccarlar bu işdən gəlir əldə eləmək fürsətini fövtə vermək istəmirdilər. Maliyyə imkanı olanlar əlverişli məqamdan yararlanmaq məqsədilə müxtəlif təkliflərlə uprava qarsına çıxırdılar. Ən çox və uzunmüddətli müzakirə olunan məsələ isə bulvarda sinematoqrafın tikintisi ilə bağlı idi.

Çox böyük mübahisə predmetinə çevirilmiş sinematoqrafın bulvar ərazisində tikilməsi məsələsi şəhər qradonaçalnikinin etirazına səbəb olmuşdu. Bakı şəhərinin o zamankı qradonaçalniki, podpolkovnik P.İ.Martınov şəhərdə nizam-intizamla bağlı məsələləri bütünlüklə öz nəzarət və səlahiyyətinə götürmüşdü. Onun sinematoqrafın tikintisinə müdaxiləsi də səbəbsiz deyildi. Fikrində ciddi olan Martınov sinematoqrafın tikintisini hərracda qazanmış Qofmanı hüzuruna çağırır və bu işə icazə verməyəcəyini söyləyir. O, öz etirazını belə izah edir ki, bulvar şəhərlilərin gəzintisi və istirahəti üçün nəzərdə tutulub. Belə bir pavilyon isə onu eybəcərləşdirəcək və darısqallıq yaradacaq. Buna görə də qradonaçalnik Qofmana söz verir ki, həmin sinematoqrafın şəhərin başqa bir ərazisində tikilməsini təmin etmək üçün məsələni şəhər Duması qarşısında qaldıracaq.

Şəhər Dumasının həmin ilin 7 oktyabr tarxli iclasında bulvar ərazisində tikilməkdə olan sinematoqrafın başqa bir əraziyə köçürülməsi məsələsi müzakirə olunur. Qradonaçalnikin sinematoqrafın tikintisini dayandırması məsələsi ilə razılaşmayan Duma bunu belə əsaslandırır ki, əgər qarşı tərəflə bağlanan müqavilə dayandırılarsa, bu, şəhərə itkilər bahasına başa gələcək. Duma üzvlərindən bəziləri sinematoqraf binasının bulvarın görüntüsünü eybəcərləşdirəcəyini nəzərə alaraq tikintinin şəhərin başqa ərazisinə köçürülməsini tələb etsələr də, sədr belə düşünürdü ki, bulvarda sinematoqrafın olması heç kimə maneəçilik törətməyəcək.



Nəhayət, uzun müzakirələrdən sonra Dumanın maliyyə komissiyası “Qafqaz və Merkuri” körpüsünün yanında sinematoqrafın tikilməsi üçün 150 kv. sajın ərazi ayırır. Həmin ərazi ildə 3500 rubl ödəmək şərtilə 7 il ərzində icarəyə verilir. Lakin məsələnin müzakirəsindən sonra yeni bir əngəl meydana çıxır və bu başıbəlalı məsələ yenə də qarışır. (”Баку”, 1909 г.,№192, стр.3)

Belə ki, Qradonaçalnikliyin arxitektoru Nikitin qradonaçalnikin icazəsi ilə yeni bulvar ərazisində mülki mühəndis İ.K.Ploşkonun cavabdehliyində olan daş sinematoqrafın tikintisinin dayandırılmasını istəyir. Səbəb kimi bir tərəfdən tikilməkdə olan sinematoqrafın fasad divarlarında avantüraçı səhnələrin qurulması və digər tərəfdən isə mərkəzi isitmə və ventilyasiya sistemlərinin əvvəlcədən layihədə nəzərdə tutulmaması idi. Bu dəfə də tikinti yeni çertyojlar hazırlanana qədər dayandırılır. (“Баку”1909 г.,№193, стр.3)

Belıliklə, qradonaçalnikin təkidilə tikintisi yarımçıq dayandırılan sinematoqraf sökülür. “Qafqaz və Merkuri” cəmiyyəti ərazisində tikilməsi qərarlaşdırılan yeni sinematoqraf üçün isə həmin ərazidəki budkalar yığışdırılır. Başıbəlalı sinematoqrafla bağlı qəzet yazırdı: “Bulvardakı məşhur sinematoqrafın tikilişindən geriyə sadəcə zibil qalaqları qaldı. Yeni yerə - Sahildəki (Naberejnoye) “Kur-voda” cəmiyyətinin supaylayan budkası ilə “Ko Nadejda” cəmiyyəti körpüsü arasındakı əraziyə köçürülən sinematoqrafın tikintisi isə çox sürətlə aparılır. Tikintidə istifadə olunan materialların keyfiyyətinin aşağı olması ilə əlaqədar şəhər memarı 2-ci sahənin pristavına tikintinin təcili dayandırılması ilə bağlı təklif vermişdir”. (”Баку”,1909 г., №259, стр.3)

Çox insanların ziyarət yerinə çevrilən bulvar müxtəlif işbazların da diqqətini çəkirdi və onlar bulvar ərazisində fəaliyyət göstərmək üçün ərazi əldə etmək istəyirdilər. Tkaçev adlı biri də qrammofon satışı ilə məşğul olmaq üçün bulvarda təmtəraqlı bir pavilyon tikmək istəyirdi. (”Баку”,1909 г.,№192, стр.3)
Qradonaçalnik Bakı Xeyriyyə Cəmiyyəti tərəfindən bulvarın daş körpü tərəfdən giriş qapısının yanında sərinləşdirici içkilər, çay, kofe və buterbrod satmaq üçün kiosk tikilməsinə icazə vermişdi. (”Баку”,1909 г.,№211, стр.3)



Yeni bulvar Bakıda fəaliyyət göstərən müxtəlif şirkət və cəmiyyətlər üçün cazibəli yerə çevrilmişdi və belə əlverişli mühitdən faydalanmaq istəkləri get-gedə çoxalırdı. Onların sırasında Bakı Gimnastika Cəmiyyəti idarəsi də vardı. Cəmiyyət bu məqsədlə Şəhər Upravasına aşağıdakı məzmunda müraciət ünvanlayır: “Əhali gənclərin fiziki inkişafının daha vacib olduğunu dərk elədikcə və fiziki təmrinlərin yerinə yetirilməsi üçün açıq məkanların və idman üçün uyğun yerlərin çatışmamasının Bakı şəhərində heç bir yerdə olmadığı qədər hiss olunması gimnastika cəmiyyətinini şəhər upravasına müraciət etməyə təhrik edir. Cəmiyyət hər yerdə geniş vüsət almış yeni və olduqca faydalı fiziki təlim olan təkərli konkilər üzərində sürüşmə növünün inkişafı üçün upravadan köməklik göstərməsini xahiş edir. Bu idman burada artıq özünə çoxlu həvəskarlar tapmışdır. Xüsuslə, Bakı mühitində. Belə ki, burada isti və quru iqlim şəraiti hesabına bütün il boyu açıq səma altında sürüşmək mümkündür. Yeganə maneəçilik isə uyğun ərazinin olmamasıdır. Bunu nəzərə alaraq, idarə upravadan gimnastika cəmiyyəti üçün Sahil bulvarında “Sketinq-Rink” (təkərli konkilər üçün meydança) qurmaq üçün təxminən 200 kv. sajın sahəsi olan ərazi ayırılmasını xahiş edir. Gələcəkdə yer ayrılana və meydança tikilənə qədər isə gimnastika cəmiyyəti sizdən təmənna edir ki, bulvarda əhalinin gəzmədiyi zamanlarda aşağıdakı vaxtlarda təkərli konki sürülməsinə qadağa qoymayasınız: 1 aprel tarixdə axşam saat 9-dan sonra, bütün aprel ayı boyunca saat 10-dan sonra və may ayının 1-dən noyabrın 1-dək axşam saat 11-dən sonra.
Əlavə etməyi lazım bilirik ki, konkidə sürüşmək asfalta heç bir zərər vermir və idarə tərəfindən gecə saatlarında bulvarda bu cür sürüşməyə icazə verilməsi üçün heç bir əngəl görünmür. (8 mart 1910 – cu il)”. (ARDTA f.389.s.3, s.v.2732, v.10)

Yeni bulvarda reklam yerləşdirmək üçün 6 ədəd avtomatik yanıb-sönən elektrik cihazına malik vitrinlər də qoyulmuşdu. Vitrinin hər iki tərəfdən içərisində 25 ədədə qədər işıq lampaları qoyulmuş və həmin lampalar müxtəlif rəngli şüşə reklamları işıqlandırırdı. Hər vitrinin qalınlığı 6 gireh, eni 1,75 arşın, hündürlüyü isə 4,5 arşın idi. Reklam vitrinləri gözəl taxta bəzəklərlə bəzədilmiş və onlara yağlı boya ilə nəfis naxışlar çəkilmişdi. Vitrinlərin ölçüsü, qoyulacağı yer şəhər upravası ilə razılaşdırılmışdı. Reklam vitrinlərini qoymaq üçün müraciət edən Bakı bədii rəsm atelyesinin sahibkarı bu məqsədlə upravaya ünvanladığı müraciətində üzərində vitrinlərin qoyulacağı yerlərin qırmızı rənglə işarələnmiş olan bulvarın planının təsvirini və vitrinlərin rəsmini də təqdim eləmişdi. (ARDTA f.389.s.7,s.v. 633,v.9 - 12)

...Beləliklə, yeni Bakı bulvarı 1909-cu ilin aprel ayından fəaliyyətə başlayır. “Kaspi” qəzetində bu məlumatı təsdiqləyən yazı verilmişdi. Qəzet yazırdı:

- Duma qlasnısı H.Z.Tağıyev şəhər upravasına aşağıdakı məzmunda məruzə edir: “Bakı qradonaçalnikliyi vəzifəsinə təyin edilmiş podpolkovnik P.İ.Martınovun işə başlaması ilə Bakı şəhər upravası Aleksandrovski sahil küçəsində artıq iki aydır ki, fəaliyyət göstərən yeni bulvarın salınmasına başladı. Bakı əhalisi üçün bu bulvar yeganə istirahət yeridir və onlar buraya kütləvi axın edirlər. Buraya toplaşan əhalinin sayı üç min və bəzən daha artıq olur.

Əhalinin yeni bulvara bu axını və onların burada keçirdikləri rahatlıq sevindirici bir haldır. Heç kim mübahısə etmir ki, bu həzzə görə çox hörmətli qradonaçalnik P.İ.Martınova borcluyuq. Onun enerjisi və yorulmaz əməyi bahasına şəhərdəki quldurluq və ölüm hadisələrini aradan qaldırmaq mümkün olmuşdur və əhalidə indi-indi öz həyatına və təhlükəsizliyinə inam yaranmışdır; buna görə də qayğısızdır, öz həyatını mövcud qayda-qanuna etibar edərək bulvara gedir və hava qaralmamış evinə dönməyə tələsmir. Bütün yuxarıda göstərilənlər və mənim şəxsən gündəlik müşahidələrim qeyri-ixtiyari olaraq belə bir fikrə gəlməyə sövq edir ki, təşəkkür əlaməti olaraq yeni bulvarın Martınovun adı ilə adlandırılması ən uyğun hal olardı. Baxmayaraq ki, o çox qısa müddətdir ki, buradadır, lakin buna layiqdir. Güman edirəm ki,mənim ərizəm Dumanın müzakirəsinə çıxarılacaq və qlasnılar tərəfindən bütünlüklə hüsn-rəğbət qazanacaqdır. (”Kаспий”, 1909 г. №153. стр.3)

Yeni bulvarın salınması Bakinin ilk və tək istirahət yeri olan Mixaylovski bağına marağı azaltmışdı. Şəhər əhalisinin istirahət üçün daha çox bulvara üz tutması bu bağa gələnlərin sayına ciddi təsir göstərir. Həmin bağda fəaliyyət göstərən “Çar” pavilyonu bağa gələnlərin sayının azalması ilə bağlı gəlirlərin kəskin şəkildə aşağı düşməsini səbəb göstərərək, qradonaçalnikdən icarə haqqını yarıbayarı azaltmağı xahiş edir. Mixaylovski bağına sadiq qalan isə Salyan alayının hərbi orkestri idi. Seyrçilərin azalmasına baxmayaraq, alay orkestri ayda bir dəfə Bakıya qayıtmağı münasibətilə bağda çıxış edirdi. (“Баку”, 1909 г., №179, стр.3)

Belə...
Bu da “Bakı Bulvarı”-nın salınması tarixi barədə sənədlərin tozlu yaddaşında gizlənən xatirələrin iziylə çıxdığımız yolun sonu...
Əlbəttə, 100 il əvvəllin Bakısı üçün belə bir istirahət məkanının açılması özlüyündə çox əhəmiyyətli və böyük bir hadisə idi. Biz bu hadisəni araşdırarkən geriyə yolçuluq zamanı onun bir əsrlik tarix yazan başqa hadisəyə də səbəb olduğunun şahidi olduq və öyrəndik ki, ölkəmizdə ilk yaşıllaşdırma müəssisəsinin salınması da həmin tarixlə eyni yaşdadır...




Yeganə Kamal Cabbarlı
Azvision.az üçün


Teqlər: Bakı   Bakı-Bulvarı   Tarix   Araşdırma  





Xəbər lenti