Jurnalistlər Padarçöl Aqroparkında olublar

Jurnalistlər Padarçöl Aqroparkında olublar
  02 May 2019    Oxunub:4279
“Azərsun Holdinq” Şirkətlər Qrupu ölkənin aparıcı KİV nümayəndələri üçün Padarçöl Aqroparkına media tur təşkil edib.
Media tur zamanı bildirilib ki, 4200 hektar əraziyə malik kompleks ən müasir avadanlıq və texnologiya ilə təmin edilmiş heyvandarlıq və müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirildiyi əkin sahələrindən ibarətdir.



Aqroparkın rəhbəri Nəbi Paşayev jurnalistlər bildirib ki, əsasən taxıl və yem bitkilərinin yetişdirildiyi müəssisədə ümumilikdə il ərzində iki dəfə əkin işləri aparılır: “Bundan əlavə, 3 çeşiddə qarğıdalının əkinləri ilə bərabər, sınaq məqsədilə tərəvəz bitkilərinin əkininə də başlanılıb. Burada yeni növ əkin sahələrinin salınması üçün araşdırmalar aparılaraq gələcəkdə məhsul çeşidinin genişləndirilməsi nəzərdə tutulub.



Jurnalistlərə “Azərsun Holdinq” fəlsəfəsi barədə məlumat verən Nəbi Paşayev Şirkətin Müşahidə Şurasının sədri Abdolbari Goozalın bütün sahələrdə məhsulların keyfiyyətinə xüsusi həssasiyyətlə yanaşdığını söyləyib: “Tarladan süfrəyə”dək keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi “Azərsun” müəssisələrində bütün məhsullar satışdan öncə dəfələrlə laborator yoxlamalardan keçir. Bunun məntiqi nəticəsidir ki, bu şirkət tərəfindən istehsal olunan məhsullar ölkə daxilində rəğbətlə qarşılanmaqla bərabər dünyanın müxtəlif ölkələrində istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, əkin işlərinin həyata keçirildiyi torpaqların keyfiyyətinin qorunması üçün Müşahidə Şurasının sədrinin təlimatlarına əsasən zəruri addımlar atılır”.

O, bildirib ki, dövlət rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq “Azərsun”, bölgələrdə insanların məşğulluğunun artırılması və sosial-rifah halının yüksəldilməsinə xüsusi önəm verir. Hazırda müəssisədə 200-dən artıq insan işlə təmin olunub ki, mövsüm zamanı bu rəqəm 600-dən artıq olur.



İdarəetmə sistemi və fermaları dünyaca məşhur Afimilk şirkəti tərəfindən qurulan heyvandarlıq kompleksi barədə məlumat verən Nəbi Paşayev hazırda 2000-dən artıq iribuynuzlu saxlanıldığını bildirib: “Artıq layihənin ilk fazası yekunlaşıb və günlük olaraq 34 ton süd istehsal edilir ki, yağlılıq nisbəti 3.6 faiz təşkil edir. Ən müasir avadanlıqların tətbiqi ilə eyni anda 72 heyvanın sağılması mümkün olur, fermaların avtomalaşdırılmış havalandırma sistemi ilə təchiz olunması heyvanların bütün mövsümlərdə rahatlığını təmin edərək məhsuldarlığın yüksək saxlanılmasına mühüm töhfə verir. İribuynuzluların sağlamlığı və məhsuldarlığı üçün ən önəmli məsələ olan yemlənmə prosesi də Azərbaycanda ilk dəfə avtomatlaşdırılmış şəkildə xüsusi proqram təminatı ilə həyata keçirilir. Holşteyn-friz cinsinə aid heyvanların bütün məlumatları bazaya yerləşdirilib ki, proqram təminatı da bu bazadakı məlumatlar əsasında heyvanların sağlamlıq durumunu hesablaya bilir. Əgər hər hansısa heyvanın qidalanması, məhsuldarlığı və digər göstəricilərində bir dəyişiklik baş verərsə bu barədə dərhal mütəxəssislərə məlumat ötürülür. Dərhal zootexnik və baytarlar həmin heyvanları ümumi sürüdən ayıraraq nəzarət altına götürürlər. Xüsusi qayğı bölümünə yerləşdirilən heyvanlar baytarların nəzarəti ilə müalicə alırlar”.



N.Paşayev deyib ki, bu heyvandarlıq kompleksində əldə olunan süd məhsulları Kürdəmir Süd Emalı Kompleksinə göndərilir və orada “Azərsüd”, “Super milky” və digər “Azərsun” markaları altında məhsullar istehsal edilir. O, Əlavə edib ki, heyvandarlıq kompleksinin fəaliyyəti zamanı yaranan üzvi tullantılardan üzvi gübrə də istehsal olunur və əkin sahələrində torpaqların zənginləşdirilməsində istifadə olunur.

Jurnalistlərin suallarını cavablandıran Nəbi Paşayev Aqropark layihəsinin ikinci fazasının yekunlaşmasından sonra süd istehsalının artacağını və yerli kərə yağının istehsal edəcəyini də bildirdi. O, bunun üçün Kürdəmir Süd Emalı Kompleksində zəruri işlərin aparıldığını və istehsal xətlərinin qurulduğunu söyləyib.



Qeyd edək ki, müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirildiyi ərazilər əvvəllər əkin üçün tam yararsız olub. Hazırda isə “Azərsun Holdinq” tərəfindən burada, nasosxanalar, süni göllər, pivotlar və digər müasir suvarma sistemləri yaradılıb.

Azvision.az


Teqlər: Aqropark   Azersun   Padarçöl  





Xəbər lenti