“Abituriyentlərin taleyi onları maraqlandırmır” - DİM rəhbəri

   “Abituriyentlərin taleyi onları maraqlandırmır” -    DİM rəhbəri
  29 Aprel 2019    Oxunub:3075
"Müxtəlif hazırlıq kurslarının əməkdaşları sosial şəbəkələrdə yaradılan səhifə və qruplarda imtahan suallarının əldə edilməsi, paylaşılması, hətta imtahandan öncə bir binada və zalda imtahan verən abituriyentlərin tapılması, tanış edilməsi və digər işlərin təşkil edilməsində fəallıq göstərirlər"
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirilib ki, 7, 14 və 21 aprel tarixlərində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv edilib.

"İlkin məlumatlara əsasən, dünən keçirilən imtahanlarda da 17 nəfər tərəfindən qayda pozuntusu (5 – mobil telefon, 10 – sual kitabçalarının dəyişdirilməsi, 1 – çoxfunksiyalı elektron cihaz, 1 – başqasının yerinə imtahan binasına daxil olmağa cəhd ) halına rast gəlinib. Bu imtahanlardan sonra aparılan araşdırmalar nəticəsində kommersiya məqsədi ilə fəaliyyət göstərən müxtəlif kurslar və orada repititorluq fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən abituriyentlərin müxtəlif qayda pozuntularına yol verməyə sövq edilməsi halları aşkar olunub".

M.Abbaszadə qeyd edib ki, ötən il ali təhsil müəssisələrinə qəbul zamanı imtahanda iştirak etməli olan abituriyentin yerinə başqa birinin göndərilməsi (hazırda həmin şəxslərə qarşı cinayət işi açılıb), bu il aprelin 7-də keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə sual kitabçasının fotoşəklinin ilk dəfə paylaşılması da hazırlıq kurslarının repititor əməkdaşları tərəfindən edilib.

"Bu şəxslərin əsas məqsədi daha çox abituriyent kütləsi toplamaqla maddi qazanc əldə etmək olur və abituriyentlərin gələcək taleyi çox təəssüf ki, onları maraqlandırmır. Hazırda nəticələri ləğv olunan abituriyentlər, onların valideynləri kömək göstərilməsi və abituriyentlərin səhvlərinin bağışlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzinə müraciət ediblər. Ancaq nəzərə almaq lazımdır ki, imtahan bir müsabiqədir və burada əsas məqsəd düzgün seçim etmək, daha bilikli şəxslərin müəyyən edilməsidir. Bir iştirakçıya güzəşt edilməsi, digər iştirakçıların hüquqlarının pozulması deməkdir. Ona görə də, müsabiqə iştirakçıları, valideynlər daha da diqqətli olmalı, məsələyə ciddi yanaşmalıdırlar".

DİM sədri qeyd edib ki, qeyri-qanuni metodlara əl atmaq, onlardan istifadə etmək yolverilməzdir. "Abituriyentlər və onların yaxınları yalnız biznes məqsədi ilə fəaliyyət göstərən kursların, müəyyən şəxslərin vədlərinə aldanmamalı, özlərinin sui istifadə olunmasına şərait yaratmamalıdırlar.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti