Azərbaycanlı girov Ermənistanda əməliyyat olundu

Azərbaycanlı girov Ermənistanda əməliyyat olundu
  26 Aprel 2019    Oxunub:3299
Ermənistanda girov saxlanılan Azərbaycan vətəndaşı, Qazaxın Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlu əməliyyat olunub. Azvision.az “News.am”a istinadən xəbər verir ki, onun səhhətində problem yaranıb, tibbi müayinədən keçirilib və təcili cərrahi müdaxiləyə ehtiyacının olduğu müəyyənləşdirilib.
Nəticədə azərbaycanlı girov aprelin 24-də Erebuni Tibb Mərkəzində mədəsindən əməliyyat olunub. Açıq cərrahiyyə əməliyyatı nəticəsində onun mədəsində olan yad cisim çıxarılıb.

Qeyd olunub ki, Ermənistanın Ədliyyə və Səhiyyə nazirliklərinin bütün addımları Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda bildirilib ki, E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.

Azvision.az


Teqlər: Girov  





Xəbər lenti