Test imtahanının nəticələri açıqlanıb

Test imtahanının nəticələri açıqlanıb
  21 Aprel 2019    Oxunub:2834
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 21-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1754 namizəddən 14 -ü imtahana gəlməyib. Bir nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahan nəticələri saat 17:31-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, BA1 altqrupu üzrə – 1 nəfər; BA2 altqrupu üzrə – 4 nəfər; BA3 altqrupu üzrə – 9 nəfər; BA4 altqrupu üzrə – 21 nəfər; BB1 altqrupu üzrə – 31 nəfər; BB2 altqrupu üzrə – 66 nəfər; BB3 altqrupu üzrə – 109 nəfər;

BB4 altqrupu üzrə – 171 nəfər olmaqla, ümumilikdə 412 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün aprelin 22-dən mayın 3-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir -ali təhsil haqqında sənədin surəti; əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələrilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 22, 23 və 24 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti