Tramp əleyhinə istintaq bestseller oldu – “Bu, mənim prezidentliyimin sonudur”

  Tramp əleyhinə istintaq bestseller oldu –    “Bu, mənim prezidentliyimin sonudur”
  19 Aprel 2019    Oxunub:2120
ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerikadakı 2016-cı il prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin 22 aylıq istintaqının yekun nəticəsi ilə bağlı redaktə olunmuş 400 səhifəlik hesabat kitab halında satışa çıxarılacaq.
Azvision.az “The New York Times”-a istinadən xəbər verir ki, qiyməti 9,2 dollar təşkil edəcək kitabın 30 apreldə satışa çıxarılması planlaşdırılsa da, artıq indidən “Amazon”da bestseller olub.

Qeyd olunur ki, hesabatın redaktə olunmuş tam versiyasının artıq dünən ABŞ Ədliyyə Nazirliyinin saytında yerləşdirilməsinə baxmayaraq, bir çox nəşriyyat evləri onu mümkün qədər tez bir zamanda kitab formasında dərc etmək istəyirlər. Səbəb isə, hesabatda Trampın etdiyi bir çox etirafları önə çıxarmaqla insanların diqqətini xüsusi məsələlərə yönəltmək və istintaq hesabatını daha oxunaqlı etməkdir.

Belə ki, 2017-ci ilin mayında Tramp ona qarşı istintaqa ABŞ-ın xüsusi prokuroru Robert Müllerin rəhbərlik edəcəyini öyrəndikdə, “Aman Allahım, bu çox pis oldu. Bu, mənim prezidentliyimin sonudur. Məhv oldum. Hər kəs mənə əgər “bu xüsusi prokurorlardan biri rəhbər təyin olunarsa, onda onlar sənin prezidentliyini məhv edəcəklər” deyir. Bu istintaq illərlə davam edə bilər və mən heç bir şey edə bilməyəcəm. Bu, başıma gələn ən pis şeydir”, - deyə vurğulayıb.

Hesabatda həmçinin, Trampın ədliyyə naziri Ceff Seşinsə də bu məsələ ilə bağlı çox təzyiq etdiyi və “Bunun baş verməsinə necə icazə verə bildin, Ceff? Sənin vəzifən məni qorumaq deyilmi?” sözlərilə onu tənqid etməsi yazılıb. Daha sonra isə Tramp Seşinsi istefaya göndərib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: İstintaq   Rusiya   ABŞ   Tramp  





Xəbər lenti