Kolumbiyada iri neft kəmərinə hücum edilib

Kolumbiyada iri neft kəmərinə hücum edilib
  17 Aprel 2019    Oxunub:1307
Kolumbiyada Kanyo-Limon Kovenas iri neft boru kəmərinə edilən silahlı hücum nəticəsində ətrafa dağılan böyük həcmdə neft yaxınlıqdakı çaya qarışıb.
Azvision.az “La Jornada”ya istinadən xəbər verir ki, çaya neft düşməsilə əlaqədar Kolumbiyanın Venesuela ilə sərhəddindəki Tibu rayonunda içməli suyun verilməsi dayandırılıb. Nəticədə 25 min insan su problemi yaşayır.

Vəziyyətlə bağlı yerli hakimiyyət fövqəladə fəaliyyət planını aktivləşdirib və sakinlərə içməli suyun verilməsinin 20 gün ərzində bərpa ediləcəyi bildirilir.

Kolumbiyanın müdafiə naziri Qilyermo Botero bəyan edib ki, neft boru kəmərinə hücuma görə məsuliyyəti üsyançı Milli Azadlıq Ordusu daşıyır. Onun sözlərinə görə, bu, il başlayandan Kanyo-Limon Kovenas neft boru kəmərinə edilən sayca 14-cü hücumdur.

Qeyd edək ki, 780 kilometr uzunluğundakı Kanyo-Limon Kovenas neft boru kəməri ilə sutkada 210 min barrel neft nəql olunur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kolumbiya   Neft  





Xəbər lenti