Danışıqlar yekunlaşdı - Netanyahu yenidən baş nazir olacaq

      Danışıqlar yekunlaşdı    - Netanyahu yenidən baş nazir olacaq
  16 Aprel 2019    Oxunub:1975
İsrail prezidenti Reuven Rivlin ölkənin baş naziri postuna növbəti namizədin müəyyənləşdirilməsi üçün 9 apreldəki parlament seçkiləri nəticəsində Knessetə keçən 11 siyasi partiya ilə müzakirələri bu gün başa çatdırır.
Azvision.az “Haaretz”ə istinadən xəbər verir ki, sağçı partiyalar Rivlinlə görüşdə İsrailin baş naziri postuna hazırda bu vəzifənin icraçısı Binyamun Netanyahunu layiq gördüklərini və məhz onun quracağı koalisiya hökumətində yer almaq istədiklərini bildiriblər.

Hətta vaxtilə Netanyahunun siyasətinə etiraz olaraq istefa verən sabiq müdafiə naziri Aviqdor Libermanın parlamentdə 5 yer qazanan “Bizim evimiz İsrail” (“Yisrael Beytenu”) sağçı partiyası da Binyamini dəstəkləyib.

Knessetdə 6 mandatla təmsil olunacaq İşçi Partiyası isə koalisiya hökumətinin Netanyahunun “Likud” partiyasının əsas rəqibi - İsrail ordusu baş qərargahının sabiq rəhbəri Beni Hantsın başçılığı altındakı mərkəzçi “Kahol-Lavan” (“Bəyaz-Mavi” - İsrail bayrağının rənglərinə uyğun olaraq adlandırılıb) blokunun rəhbərliyi altında qurulmasına tərəfdar çıxıb.

Buna baxmayaraq, 4 sağçı və 2 dini partiyanın dəstəyini qazanan Netanyahu koalisiya hökumətini formalaşdırmaq üçün Knessetdə lazım olan 61 yerə sahiblənə bilib. Bununla da, Netanyahunun növbəti dəfə İsrail hökumətinə rəhbərlik edəcəyi yəqinləşib.

Qeyd edək ki, İsrailin Mərkəzi Seçki Komissiyası 9 apreldə keçirilən parlament seçkilərinin yekun rəsmi nəticələrini sabah açıqlayacaq. Nəticələr açıqlandıqdan sonra ən geci bir həftə ərzində İsrailin prezidenti Reuven Rivlin koalisiya hökumətini formalaşdırmağı kimə tapşıracağını açıqlamalıdır.

İsrail qanunvericiliyinə əsasən rəsmi koalisiya danışıqları üçün 28 gün vaxt nəzərdə tutulub. Hansısa problemlər ortaya çıxdığı zaman danışıqlar daha 14 gün müddətinə uzadıla bilər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Knesset   Seçki   İsrail  





Xəbər lenti