Bakı Limanı konteyner aşırılmasını 55 faiz artırıb

Bakı Limanı konteyner aşırılmasını 55 faiz artırıb
  15 Aprel 2019    Oxunub:1945
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin birinci rüb üzrə konteyner aşırılması 55 faiz artıb.
QSC-dən Azvision.az -a verilən məlumata görə, yükaşırma göstəricilərinin əksəriyyətində artım tendensiyası qeydə alınıb və ümumi yükaşırmanın həcmi 1 milyon 35,6 min tondan çox olub. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1 faizi tranzit yüklərin payına düşüb.

Xüsusilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında bu ilin yanvar-mart ayları ərzində 7 min 253 konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da keçən il ilə müqayisədə 55,2 faiz artım deməkdir (2018-ci ilin müvafiq dövründə 4 min 673 TEU).

Qeyd olunan dövrdə Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 min 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6 faiz artım) ədədə çatıb. Bunlardan 6 min 446 vaqon (46,8 faiz) Bakı-Kurik-Bakı istiqamətində, 7 min 342 (53,2 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

Bu ilin yanvar-mart aylarında irihəcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 6 min 543 (keçən ilin müvafiq dövrünə nisbətən 43,5 faiz artım) ədəd olub. Belə ki, bunlardan 5 min 180-i (79,2 faiz) Bakı-Türkmənbaşı-Bakı, 1363-ü isə (20,8 faiz) Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Hər iki istiqamətdə sərnişin daşınmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz artım qeydə alınaraq 8 min 813 nəfər olub.

Azvision.az


Teqlər: Bakı-Limanı  





Xəbər lenti