Avropadan “Şimal axını-2”yə zərbə

  15 Aprel 2019    Oxunub : 1511
 Avropadan “Şimal axını-2”yə zərbə
Avropa İttifaqı (Aİ) təşkilatın Qaz Direktivinə bütün üzv ölkələr üçün məcburi xarakter daşıyan düzəlişləri təsdiq edib.
Azvision.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Avropa Parlamentinin aprelin əvvəlində qəbul etdiyi bu düzəliş Şurada müzakirəyə çıxarılmadan yekdilliklə təsdiqlənib.

Qaz Direktivinə edilən yeni dəyişiklik dənizdən və qurudan keçən qaz boru kəmərlərinə, xüsusən də Rusiyanın Almaniya ilə birgə “Şimal axını-2” layihəsinə nəzarəti genişləndirməyə imkan verir. Belə ki, sənəd üçüncü ölkələrin İttifaq ərazisinin hüdudlarından kənar keçərək Aİ dövlətinə çəkilən dəniz qaz boru kəmərlərinə münasibətdə İttifaqın vahid enerji normalarının tətbiqini ehtiva edir. Bu normalara görə, Aİ ərazisinə çəkilən qazın hasilatı və nəqli ilə fərqli şirkətlər məşğul olmalıdır.

Yəni Aİ-nın Üçüncü Enerji Layihəsində təsbit edilmiş normalara əsasən, “Şimal axını-2” qaz boru kəməri layihəsinin operatoru Rusiyanın “Qazprom” nəhəngindən ayrı müstəqil şirkət olmalıdır və boru kəmərlərinin 50%-i isə müstəqil təchizatçılardan alınan qaz hesabına doldurulmalıdır. Yəni Bu isə qaz borularının yarısının qeyri-müəyyən müddətə boş qalması deməkdir.

Qaz Direktivinə edilən yeni düzəliş yaxın günlərdə Aİ-nın rəsmi jurnalında dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək və İttifaqa üzv ölkələrin bu düzəlişləri öz milli qanunvericiklərinə tətbiq etməsi üçün 9 ay vaxt veriləcək. Avropa Komissiyasının energetika üzrə baş direktoru Dominik Ristori bəyan edib ki, Qaz Direktivinə yeni düzəliş “Şimal axını-2” layihəsi istismara buraxılmazdan əvvəl qüvvəyə minməlidir ki, yeni sənədin qüvvəsi ona qarşı da tətbiq olunsun.

Həmçinin qeyd olunur ki, sənədin qəbulu zamanı Almaniya düzəlişlərin nisbətən yumşaq olmasına çalışıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər:   Almaniya   Rusiya   “Şimalaxını-2”