Bakı Limanında konteyner aşırılması 55 faiz artıb

  15 Aprel 2019    Oxunub : 792
Bakı Limanında konteyner aşırılması 55 faiz artıb
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2019-cu ilin I rübünü uğurla başa vurub.
Qurumdan Azvision.az -a verilən məlumata görə, yükaşırma göstəricilərinin əksəriyyətində artım tendensiyası qeydə alınmış və ümumi yükaşırmanın həcmi 1 035.6 min tondan çox olub. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83.1%-i tranzit yüklərin payına düşüb.

Xüsusilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınmışdır. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılmışdır ki, bu da keçən il ilə müqayisədə 55.2% artım deməkdir ( 2018-ci ilin müvafiq dövründə 4 673 TEU).

Qeyd olunan dövrdə, Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12.6% artım) ədədə çatmışdır. Bunlardan 6 446 vaqon (46,8%) Bakı-Kurik-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

Cari ilin yanvar-mart ayları ərzində iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 6 543 (keçən ilin müvafiq dövrünə nisbətən 43.5% artım) ədəd olub. Belə ki, bunlardan 5 180 ədədi (79,2%) Bakı-Türkmənbaşı-Bakı, 1 363 ədədi isə (20,8%) Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Hər iki istiqamətdə sərnişin daşınmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.5 % artım qeydə alınaraq 8 813 nəfər olub.

Azvision.az

Teqlər: Port-Baku   Liman   Yük