“Vahidə onları yataqda tutanda...” - Xəyanət və dəhşətli qətl

   “Vahidə onları yataqda tutanda...” -    Xəyanət və dəhşətli qətl
  15 Aprel 2019    Oxunub:30077
Ötən gün İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədova qaynı arvadı Ayşən Məmmədova və onun qeyri-qanuni münasibət yaşadığı Orman Seyidov tərəfindən qətlə yetirilib. İlkin araşdırma zamanı məlum olub ki, V.Məmmədova Ayşənlə Ormanı intim münasibətdə olarkən görüb və bu səbəbdən həmin şəxslər tərəfindən amansızlıqla öldürülüb.
Qətlin təfərrütaları barədə Azvision.az -a danışan İmişli bələdiyyəsinin sədri İftixar Əliyev həmin ailə ilə qonşu olduğunu deyib. Onun sözlərinə görə, Ayşən Məmmədovlar ailəsinə gəlin köçəndən sonra onların evində söz-söhbətlər yaranmağa başlayıb.

“Ayşənin həyat yoldaşı Emingil 5 uşaq olublar. Eminlə digər qardaşı Umudun, yəni öldürülən Vahidənin əri bir evdə yaşayır. Valideynləri çoxdan rəhmətə gedib. Digər övladlar isə başqa yerdə yaşayırlar. Eminin “VAZ 21 07” markalı maşını var, sürücüdür. Umud isə mağaza icarəyə götürərək orada işləyirdi. Çox sakit, sözsüz-söhbətsiz ailə idilər. Vahidəni bütün qonşular tərifləyirdi, sakit gəlin idi. Ancaq Ayşən oların evinə gələndən sonra vəziyyət dəyişdi. Qonşular da Ayşəndən narazı idilər".

Bələdiyyə sədri vurğulayıb ki, qonşular Ayşənin həyat yoldaşına kiminləsə xəyanət etməsindən xəbərsiz olublar. Onun çirkin əməli ortaya çıxanda, məlum hadisə baş verib.

"Vahidə Ormanla Ayşəni yataqda tutanda cütlük işin üstün örtmək üçün onu qətlə yetirib. Meyitin daşınmasına Ormanın iki dostu, Hikmət Cəlalzadə və Anar Surxayzadə kömək edib. Onlar maşını tələsik qapının ağzında saxlayıblar. Daha sonra meyitin başına selofon torba, bədəninə isə meşox keçirdib, maşının arxasına qoyublar. Bütün bunları qonşuluqda olan "Kamaz" sürücüsü Sədulla görüb. Tez Vahidənin əri Umuda zəng edib, nə baş verdiyini soruşub. Deyib ki, sizin evdən meşoxda nəyisə maşının arxasına qoyub tələsik getdilər. Umud tez evə gəlib, görüb ki, arvadı evdə yoxdur. Vahidənin dayısına zəng edib, orada olub-olmadığını soruşub. Qızı tapa bilməyiblər, axtarmağa başlayıblar. Daha sonra Sədulla onlara Vahidənin meyitinin aparıldığı maşının nömrəsini deyib. Umud yoldaşının dayısı ilə birlikdə maşını sürən adamı tapıb. Həmin sürücü hadisəni etiraf edib. Deyib ki, meyiti körpüdən atıblar. Bundan sonra Umud ona iki bıçaq zərbəsi endirib. Buna görə Umudu həbs emişdilər. İndi buraxıblar, həmin oğlan isə xəstəxandadır, vəziyyəti yaxşı deyil. Hətta Ormanın dostları meyiti götürməyə gedəndə iki dəfə Umudun mağazasından kontur alıblar və tam arxayın olublar ki, evdə başqa heç kim yoxdur”.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən A.Məmmədova, O.Seyidov və H.Cəlalzadə saxlanılıblar. Faktla əlaqədar cinayət işi başlanılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İmişli   Qətl  





Xəbər lenti