Binəli Yıldırım İmamoğlu ilə arasındakı səs fərqini açıqladı

  15 Aprel 2019    Oxunub : 961
 Binəli Yıldırım İmamoğlu ilə arasındakı səs fərqini açıqladı
Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsi üzrə namizədi Binəli Yıldırım CHP-nin namizədi Əkrəm İmamoğlu ilə aralarındakı səs fərqini açıqlayıb.
AzVision.az xəbər verir ki, Yıldırım hazırda aradakı fərqin 12 min 200 olduğunu deyib.

“İmamoğlu ilə aramızdakı fərq 12 min 200-dür. Nədən aradakı fərq mənim lehimə artmaqdadır?”, - deyə Yıldırım sual edib.

AKP-nin namizədi qeyd edib ki, hazırda seçki ilə bağlı hüquqi proses davam edir: “2014-cü ildəki seçkilərdə AKP-nin 84 etirazından 77-i rədd edilib, 7-qəbul olunub. CHP-nin 45 etirazından 4-ü qəbul olunub, 41-i rədd edilib. Ümumi 191 etirazdan 19-u qəbul olunub, 172-i rədd edilib. 2019-cu ildəki seçkilərdə isə toplam 522 etirazdan 485-i rədd, 13-ü qəbul edilib, 24-ü isə qismən təmin edilib. Hər kəs etiraz etmək haqqını istifadə edib, istifadə etməyə davam edir”.

B.Yıldırım ona verilən səslərin rəqib namizədə hesablandığını əlavə edib: “Bu günə qədər səslərin 10 faizi sayılıb. Səslərin hamısı sayılsaydı, CHP razılıq versəydi seçkinin nəticəsi belə olmayacaqdı. Hazırkı vəziyyət xoşagələn deyil. Məmləkət böyüklüyündə İstanbulu idarə edəcək namizədin pozuntularla müşayiət olunan seçki nəticəsində sədr olması xoş deyil”.

Qeyd edək ki, 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbul meri uğrunda mübarizədə rəqibi Cümhuriyyət Xalq Partiyasına uduzan (CHP) AKP Türkiyə Ali Seçki Komissiyasına (ASK) seçkilərin ilkin nəticələri ilə bağlı apellyasiya şikayəti verib. ASK-nın açıqladığı və hələlik rəsmi olmayan nəticələrə görə İstanbuldakı seçkiləri 48,79% səslə müxalif CHP-nin namizədi Əkrəm İmamoğlu qazanıb.

Hakim partiyanın namizədi Binəli Yıldırım ondan 24 minə yaxın səslə geri qalıb. AKP iddia edir ki, səslərin sayılmasında ciddi pozuntular olub və Yıldırımın xeyrinə verilən 2675 səs seçki komissiyaları tərəfindən yekun protokollarda qeydə alınmayıb. Bununla bağlı sübutlarının olduğunu deyən AKP həm də, bir çox seçki məntəqələrində Yıldırıma verilən səslərin ya qəsdən etibarsız hesab olunduğunu, ya da İmamoğlunun adına yazıldığını bildirir. Nəticədə, AKP-nin müraciəti əsasında ASK İstanbulun 7 rayonu üzrə səslərin yenidən sayılmasına qərar verib. Lakin etibarsız hesab edilən səslərin 90%-nin sayılmasından sonra aradakı səs fərqi 14 minə düşsə də, İmamoğlu hələ də öndədir. Bu səbəbdən, AKP artıq İstanbulun bütün rayonları üzrə səslərin yenidən sayılması üçün ASK-yə müraciət edib.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Türkiyə   Seçki   AKP   CHP