Finlandiyadakı seçkilərdə tarixdə bir ilk yaşandı - Nəticələr

  15 Aprel 2019    Oxunub : 1275
Finlandiyadakı seçkilərdə tarixdə bir ilk yaşandı - Nəticələr
Ötən gün Finlandiyada keçirilən parlament seçkilərində ölkə tarixində ilk dəfə heç bir siyasi partiya seçicilərin 20% səsini toplaya bilməyib. Parlament seçkilərinin nisbi qalibi isə 17,7% səslə sol-mərkəzçi müxalif Sosial-Demokratlar Partiyası olub.
Azvision.az xəbər verir ki, bu barədə Finlandiyanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Səslərin 100 faizinin sayılmasından sonra Sosial-Demokratlar 200 yerli parlamentdə 40 mandata sahib olublar. 17,5% səs toplayaraq ikinci yerdə qərarlaşan sağ-mərkəzçi, millətçi “Xalis finlər” 39 mandata, 17% səs yığan Milli Koalisiya Partiyası isə 38 yerə sahiblənib.

Hazırkı baş nazir Yuhi Sipiliyanın hakim “Finlandiya mərkəzi” isə 13,8% səslə dördüncü yerdə qərarlaşıb və parlamentdə 31 yer qazanıb. 11,5% səs yığan “Yaşıllar itifaqı” isə 20 mandat əldə edib. Digər partiyalar 10%-dən az səs toplayıblar.

Böyük ehtimalla, Finlandiyanın yeni koalisiya hökumətinin formalaşdırılması parlamentdə ən çox yer qazanan Sosial-Demokratlar Partiyasının lideri Antti Rinneyə tapşırılacaq. Lakin ekspertlərə görə, büdcə siyasəti barədə solçu və sağçılar arasındakı ziddiyyətlər koalisiyanın yaradılmasını bir qədər çətinləşdirə bilər. Həmçinin, əksər partiyalar öz seçki kampaniyasını anti-miqrant ritorikası və iqlim dəyişikliyi ilə mübarizəyə xərclənən məsrəflərin tənqidi üzərində quran “Xalis finlər”lə koalisiya qurmağın mümkünsüz olduğunu deyirlər.

Finlandiyadakı parlament seçkilərinin yekun rəsmi nəticələri 17 apreldə dərc olunacaq.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Seçki   Koalisiya   Finlandiya