Assanj casusluqda ittiham olundu
Moreno hətta bildirib ki, Assanjın başqa ölkələrə qarşı casusluq fəaliyyətinə Ekvadorun əvvəlki hökuməti tərəfindən icazə verilmişdi.
“Ekvador sabitliyin pozulmasına yönələn istənilən cəhdi qınayır, çünki biz suveren dövlətik və hər bir ölkənin siyasətinə hörmət edirik. Qapılarını açdığımız evimizin (səfirlik) casusluq mərkəzinə çevrilməsinə icazə verə bilmərik. Bu cür hərəkətlər sığınacaq verilməsi şərtlərinin pozulmasıdır. Assanja təqdim etdiyimiz sığınacaq hüququnun ləğvi barədə qərarımız ixtiyarı deyil və beynəlxalq hüquqa əsaslanır” - Ekvadorun prezidenti vurğulayıb.
Moreno onu da əlavə edib ki, bu qərarı hansısa üçüncü ölkənin təzyiqi altında verməyiblər.
Bundan əvvəl qeyd olunurdu ki, Assanjın sığınacaq hüququndan məhrum edilməsində bəhanə kimi Ekvador prezidenti Lenin Morenonun ofşor kağızlarındakı korrupsiya qalmaqalından istifadə ediləcək. Ekvadorun sabiq prezidenti Rafael Korrea da bəyan edib ki, Assanjın Britaniya hüquq-mühafizə orqanlarına təhvil verilməsində Morenonun şəxsi motivləri olub. Lenin Moreno isə bildiirb ki, “Wikileaks” saytının qurucusu barədə qərar ailəsi ilə bağlı korrupsiya məlumatlarının sızıntısı ilə əlaqəli deyil.
Xatırladaq ki, “Wikileaks” saytının qurucusu Culian Assanj 11 apreldə Ekvadorun Londondakı səfirliyində həbs olunub. Buna səbəb Ekvador hökumətinin 7 ildir diplomatik missiyanın ərazisində yaşayan Assanjın sığınacaq hüququnu ləğv etməsidir. Ekvador tərəfi öz qərarını avstraliyalı jurnalistin beynəlxalq konvensiyaları və diplomatik protokolu dəfələrlə pozması ilə izah edib. Britaniya XİN Assanjın sığınacaq hüququnu əlindən aldığına görə Ekvador hökumətinə təşəkkürünü bildirib.
Assanj “Wikileaks” saytı vasitəsilə ABŞ diplomatlarının sirrlərini, Amerikanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməllərini və məxfi dinləmələrini, casusluq qalmaqallarını, həmçinin, ABŞ-ın hərbi cinayətlərilə bağlı çox sayda olduqca məxfi sənədləri aşkarlayaraq dünya ictimaiyyətinə yaymaqla məşhurlaşıb. Bir çoxları onun həbsini Avropada söz və mətbuat azadlığının sonu kimi qiymətləndiriblər.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ekvador Wikileaks ABŞ Britaniya Assanj