İsrail prezidenti baş nazir seçiminə start verdi

 İsrail prezidenti baş nazir seçiminə start verdi
  15 Aprel 2019    Oxunub:3568
İsrailin prezidenti Reuven Rivlin ölkənin baş naziri postuna növbəti namizədin müəyyənləşdirilməsi üçün 9 apreldəki parlament seçkiləri nəticəsində Knessetə keçən 11 siyasi partiya ilə bu gün müzakirələrə start verib.
Azvision.az “The Guardin”a istinadən xəbər verir ki, İsrailin baş naziri postuna yeganə namizəd hazırda bu vəzifənin icraçısı Binyamun Netanyahudur və artıq o, növbəti sağçı-dini koalisiya hökuməti formalaşdırmaq üçün qeyri-rəsmi danışıqlar aparır.

İsrail prezidenti ilk müzakirələri 120 yerlik Knessetdə 36 mandat qazanan Netanyahunun “Likud” partiyası ilə başlayıb. Rivlinin “Likud” üzvlərilə görüşləri 2 gün davam edəcək. Daha sonra digər partiyalar da sıra ilə baş nazir postuna kimi layiq gördüklərini prezidentə bildirəcəklər. Müzakirələrin sonunda İsrail prezidenti parlament çoxluğunun dəstəklədiyi deputata koalisiya hökumətini formalaşdırmağı tapşıracaq. İsraildə koalisiya hökumətini formalaşdırmaq üçün Knessetdəki 120 yerdən azı 61-nə sahib olmaq lazımdır.

Qeyd edək ki, İsrail qanunvericiliyinə əsasən rəsmi koalisiya danışıqları üçün 28 gün vaxt nəzərdə tutulub. Hansısa problemlər ortaya çıxdığı zaman danışıqlar daha 14 gün müddətinə uzadıla bilər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Seçki   Knesset   İsrail  





Xəbər lenti