Əmək müqaviləsi ilə işləyənlərin sayı artıb

  13 Aprel 2019    Oxunub : 1028
Əmək müqaviləsi ilə işləyənlərin sayı artıb
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin 4-cü iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, katibliyin rəhbəri, nazirliyin şöbə müdiri Elnur Süleymanov “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tapşırıqların icra vəziyyəti, 2019-cu ilin 1-ci rübü üzrə qeyri-formal məşğulluq sahəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

O, ölkədə aparılan uğurlu islahatlar nəticəsində bu ilin ilk 3 ayı ərzində Əmək Müqaviləsi Bildirişi Elektron İnformasiya Sistemində əmək müqaviləsi ilə işləyənlərin sayının 65 min 821 nəfər artdığını, ümumilikdə 1 milyon 467 min 782 müqavilə təşkil etdiyini bildirib. Həmçinin bu ilin 1 aprel tarixinə Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxs fərdi sahibkarların sayı I rüb ərzində 10 min 568 nəfər artaraq 371 min 569 nəfər təşkil edib.

İclasda ölkədaxili miqrasiya üzrə statistik göstəricilərin hazırlanması, əmək resurslarının ölkədaxili miqrasiyasının monitorinqinin aparılması imkanlarının araşdırılması və təşkili ilə bağlı aidiyyəti qurumlarla birgə razılaşdırılmış təkliflərin hazırlanması müzakirə olunub.

Azvision.az

Teqlər: ƏƏSMN   Əmək