Devrilən prezident öz ölkəsində mühakimə olunacaq

 Devrilən prezident öz ölkəsində mühakimə olunacaq
  12 Aprel 2019    Oxunub:1470
Sudanda hərbi çevriliş edərək hakimiyyəti ələ keçirən ordu devrilmiş prezident Ömər əl-Bəşiri Beynəlxalq Cinayət Məhkəməsinə verməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə paytaxt Xartumdakı konfransında çıxış edən Sudanın müvəqqəti keçid hökumətinin - Hərbi Şurasının siyasi komitəsinin rəhbəri general Ömər Zeyn əl-Abidin bəyan edib.

“Ömər əl-Bəşir bizim əlimizdədir. Bizim Hərbi Şura ölkəni idarə və cinayətkarları məsuliyyətə cəlb edir, amma əl-Bəşiri xaricə verməyəcəyik. Nə əl-Bəşir, nə də ölkəmizin başqa bir vətəndaşı xarici strukturlara təhvil verilməyəcək” - əl-Abidin vurğulayıb.

O, həmçinin bildirib ki, devrilmiş prezident Ömər əl-Bəşiri elə öz vətənində mühakimə edəcəklər: “Bir neçə aydır davam edən etiraz aksiyalarında dinc insanların öldürülməsində günahkar olanlar məsuliyyətdən qaça bilməyəcəklər və məhkəmə qarşısına çıxacaqlar”.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2009-cu ildə Ömər əl-Bəşirin həbsinə dair qərar çıxarıb. O, Darfurdakı iğtişaşlarda etnik azlıqların nümayəndələrinin məhvinə şəxsən əmr verməklə müharibə və bəşəriyyət əleyhinə cinayətlər törətməkdə ittiham olunur. Ötən gün isə Sudan ordusu ölkədə hərbi çevriliş edərək prezident Ömər əl-Bəşiri və onun yaxın çevrəsindəki 100 nəfəri həbs edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Məhkəmə   Sudan  





Xəbər lenti