Britaniya Assanji ABŞ-a təslim etməyəcək

Britaniya Assanji ABŞ-a təslim etməyəcək
  11 Aprel 2019    Oxunub:1971
Əgər “Wikileaks” saytının qurucusu, avstraliyalı jurnalist Culian Assanjı ABŞ-da ölüm hökmü gözləyəcəksə, onda Böyük Britaniya onu Vaşinqtona təslim etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Britaniya xarici işlər nazirinin müavini Alan Dankan bəyan edib: “Bizim istənilən vəziyyətlə bağlı ümumi siyasətimiz bundan ibarətdir və bu, eyni dərəcədə Culian Assanja da şamil edilir. Ona görə də, əgər Assanjı ölüm hökmü təhlükəsi gözləyəcəksə, ABŞ-a ekstradisiya olunmayacaq” – Dankan vurğulayıb.



Qeyd edək ki, “Wikileaks” saytının qurucusu Culian Assanj bu gün Ekvadorun Londondakı səfirliyində həbs olunub. Buna səbəb Ekvador hökumətinin 7 ildir diplomatik missiyanın ərazisində yaşayan Assanjın sığınacaq hüququnu ləğv etməsidir. Ekvador tərəfi öz qərarını avstraliyalı jurnalistin beynəlxalq konvensiyaları və diplomatik protokolu dəfələrlə pozması ilə izah edib. Britaniya XİN Assanjın sığınacaq hüququnu əlindən aldığına görə Ekvador hökumətinə təşəkkürünü bildirib.



Assanj “Wikileaks” saytı vasitəsilə ABŞ diplomatlarının sirrlərini, Amerikanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməllərini və məxfi dinləmələrini, casusluq qalmaqallarını, həmçinin, ABŞ-ın hərbi cinayətlərilə bağlı çox sayda olduqca məxfi sənədləri aşkarlayaraq dünya ictimaiyyətinə yaymaqla məşhurlaşıb. Bir çoxları onun həbsini Avropada söz və mətbuat azadlığının sonu kimi qiymətləndiriblər.


Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Britaniya   Wikileaks   ABŞ   Assanj  





Xəbər lenti