Sudanda hərbi çevriliş: Prezident həbs olundu - (Yenilənib)

 Sudanda hərbi çevriliş: Prezident həbs olundu -  (Yenilənib)
  11 Aprel 2019    Oxunub:5597
Sudanda çevriliş edən hərbçilər prezident Ömər əl-Bəşiri həbs ediblər.

Azvision.az “Al Hadath” telekanalına istinadən xəbər verir ki, hərbçilər həmçinin, prezident qvardiyasının rəhbərini, sabiq müdafiə naziri Abdul Rəhim Hüseyni, hakim “Milli konqress” partiyanın sədri Əhməd Harunu və Sudanın sabiq vitse-prezidenti Əli Osman Tahanı da həbs ediblər.
Ümumilikdə, prezidentin əhatəsindəki 100-dən çox insanın həbs olunduğu bildirilir. O da qeyd olunur ki, Sudan prezidenti Ömər əl-Bəşir hələ ötən axşam şəxsi təyyarəsi ilə qonşu ölkələrdən birinə qaçmağa cəhd edərkən hərbçilər tərəfindən Xartum hava limanında saxlanılıb.

***
Sudanda ordu hərbi çevriliş edərək hakimiyyəti ələ keçirib.

Azvision.az xəbər verir ki, bu barədə ilk məlumatı “Al Hadath” telekanalı yayıb. Bildirilir ki, dövlət teleradio şirkətinin binasını ələ keçirən yüksək rütbəli hərbçilər prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinə xitam verildiyini və hökumətin buraxıldığını elan edib.

Sudanın bir sıra keçmiş və hazırkı məmurları da hərbçilər tərəfindən həbs ediliblər. Həmçinin, ordu prezident iqamətgahını da zirehli texnikalarla mühasirəyə alıb. Paytaxt Xartumun bütün küçələrinə hərbçilər nəzarət edir. Şəhərin bir çox rayonları mühasirəyə alınıb. Ordu sakinlərə evlərini tərk etməməyi tapşırıb.

Telekanal bildirib ki, ordu ölkəni 1 il müddətinə idarə etmək üçün müvəqqəti keçid hökuməti – Hərbi Şura yaradacaq.

Qeyd edək ki, 75 yaşlı Ömər əl-Bəşir 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir. 2018-ci ilin dekabrından əhali onun istefası tələbi ilə etiraz aksiyalarına başlayıb. Buna səbəb, hökumətin ərzaq qiymətlərini qaldırması, vergilərin artırılması və ölkədə yanacaq qıtlığının yaranmasıdır. Etirazlar fonunda Əl-Bəşir 2019-cu ilin fevralında Sudanda 1 illik fövqəladə vəziyyət rejimi elan etdiyini açıqlayıb. Onun sözlərinə görə, belə rejim ölkəni böhrandan çıxarmaq üçün mühüm iqtisadi islahatların keçirilməsi və vəziyyətin sabitləşməsi üçün vacibdir.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Sudan   Çevriliş  





Xəbər lenti