“ASK Türkiyəni xaosa sürükləyəcək” - Kamal Kılıçdaroğlu

  10 Aprel 2019    Oxunub : 1199
 “ASK Türkiyəni xaosa sürükləyəcək” - Kamal Kılıçdaroğlu
“Türkiyənin xarici siyasətində, təhsilində, iqtisadiyyatında problemlər varkən, ölkəmiz İstanbuldakı seçkilərdə qıfıllanıb.

Azvision.az xəbər verir ki, bunu Cümhuriyyətçi Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İYİ partiyasının rəhbəri Meral Akşənərlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda məğlub olduğu üçün indi “geriyə dönüb seçkiləri necə ləğv etdirə bilərik” təlaşı içindədirlər. Bu mənada CHP lideri Türkiyə Ali Seçki Komissiyasını (ASK) prezident Rəcəb Tayyib Ərdoğanın partiyasının təzyiqlərinə təslim olmamağa çağırıb.

“Demokratiyadan uzaqlaşırıq. Dövlətimizi bir nəfərin tələbinə görə qurmağa, seçkiləri də bir nəfərin tələbinə görə yekunlaşdırmağa və yekun nəticələrlə bağlı onun gözləntilərinə uyğun qərarlar çıxarmağa çalışırıq. Dəhşətli bir mənzərədir. Bütün dünya bu mənzərəni izləyir. Bu gün yenidən iclas keçirəcək ASK-nı iqtidarın etdiyi təzyiqlərə boyun əyməməyə, onlara “dur” deməyə çağırıram. ASK seçkilərdə məğlub olanların dövlətin gücündən istifadə edərək irəli sürdükləri qanunsuz bəhanələri rədd etməlidir. ASK qanunlara və bundan əvvəlki oxşar hadisələrlə bağlı çıxartdığı qərarlara riayət etməlidir. ASK Türkiyədə hüququn, yoxsa iqtidarın üstün olduğunu açıq və dəqiq cavab verməlidir. ASK verəcəyi qərarla ya Türkiyəni aydınlığa çıxaracaq, ya da xaosa sürükləyəcək” , - deyə Kılıçdaroğlu bəyan edib.

Qeyd edək ki, İstanbulun seçki dairələri üzrə etibarsız hesab olunan səslərin demək olar ki, 100%-i faizi sayılsa da, CHP təmsilçisi Əkrəm İmamoğlu təqribən 14 min səslə AKP namizədi Binəli Yıldırımdan hələ də öndədir. Bu səbəbdən də, ASK tərəfindən İstabuldakı bütün səslərin yenidən sayılması ilə bağlı tələbi rədd edildikdən sonra AKP fövqəladə etiraz üsulundan istifadə edərək İstanbulda təkrar seçki keçirilməsini tələb edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   Seçki   İstanbul