“Mənzil bazarında qiymət artımı qaçılmazdır” - Ekspert

   “Mənzil bazarında qiymət artımı qaçılmazdır” -     Ekspert
  10 Aprel 2019    Oxunub:6689
“Bu il və gələn il üçün mənzil bazarında qiymətlərin artımı qaçılmazdır”

Bu barədə Azvision.az -a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, Bakıda köhnə binalardakı mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb.
“Ümumən əmlak bazarında canlanma var. Təkrar mənzil bazarında qiymətlərdə 1 faizdən çox artım, ilkin mənzil bazarında isə 3 faizə yaxın azalma qeydə alınıb. Torpaq, kommersiya obyektləri bazarında qiymət artımı müşahidə edilir. Yeni mənzillərin qiymətinin ucuzlaşması ötən il digər seqmentlərlə müqayisədə bu sahədə artımla bağlıdır. Ona görə də, bu ilin birinci rübündə bir qədər aktivlik aşağı düşdüyündən tikinti şirklətləri qiymətdə güzəşt edirlər. Bu güzəştlər təqribən 100-200 manat civarındadır”.



N.İbrahimov kirayə mənzil bazarında qiymətlərdə həm il üzrə, həm də ay üzrə artım olduğunu deyib. Qeyd edib ki, il üzrə 6 faizə, ay üzrə 1,2 faiz qiymət artımı müşahidə edilir.

“Novruz bayramı ilə əlaqədar kirayə mənzillərin qiymətində artımı olub. Amma adətən aprel-may aylarında kirayə mənzil bazarında qiymət azalması müşahidə edilir. Çünki üzü yaya doğru gedir və tələb bir qədər azalır. “Formula 1” yarışının gəldiyini nəzərə alsaq, kirayə mənzil bazarında qiymət artımı ola bilər. Bu, qiymətlərin stabilləşməsinə də təsir edə bilər. Amma may-iyun aylarında qiymətin azalması qaçılmazdır”.



Ekspert Prezidentin çoxmənzilli binaların çıxarışla təmin olunması barədə sərəncamının ilkin mənzil bazarında qiymətlərə təsirindən danışıb. Bildirib ki, daşınmaz əmlak bazarında bu istiqamətdə qiymət artımı gələn il hiss olunacaq.

“Çıxarışların verilməsinin ilkin mənzil bazarına təsiri hələ hiss olunmur, çünki 500-ə yaxın binadan cəmi 4 bina çıxarış alıb. Ona görə də, bunun təsirindən danışmaq tezdir. Təsiri gələn il olacaq. Çıxarışlı mənzillərlə, çıxarışsız mənzillərdə 100-200 manat qiymət fərqi olur. Bu, qiymət artımına bir qədər təkan verir. Digər tərəfdən alqı-satqı portfelində yeni tikililərin sayında çoxalma baş verəcək. Bu çoxlama da təklifin artmasına gətirib çıxarır və nəticədə qiymətin stabilləşməsinə təsir edir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əmlak   Mənzil   Bazar   Qiymət  





Xəbər lenti