Ərdoğan-Putin görüşü: Hədəf 100 milyard dollardır

      Ərdoğan-Putin görüşü:    Hədəf 100 milyard dollardır
  09 Aprel 2019    Oxunub:2764
Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Azvision.az xəbər verir ki, prezidentlərin görüşündən sonra Rusiya-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının VIII iclası baş tutub. Putin və Ərdoğan iclasda çıxış ediblər.



Rusiya prezidenti deyib ki, ötən il iki ölkə arasında ticarətin həcmi 15 faiz artaraq 25 milyard dollara çatıb. O, həmçinin diqqətə çatdırıb ki, Ərdoğanla görüşündə 2023-cü ildə istifadəyə veriləcək “Akkuyu” atom elektrik stansiyasının tikintisi, “Türk Axını” layihəsinin vaxtında başa çatdırılması məsələləri də müzakirə ediblər.

Bundan əlavə, beynəlxalq məsələlər, iki dövlətin müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.



Ərdoğan çıxışında vurğulayıb ki, rusiyalı həmkarı ilə birlikdə işgüzar dairələrlə yeni layihələrin həyata keçirilməsini planlaşdırır. Onun sözlərinə görə, bu gün 1300-dən çox türk iş adamı Rusiyada uğurla fəaliyyət göstərir.

Ərdoğan qeyd edib ki, hazırda Rusiya Türkiyənin ticarət dövriyyəsində üçüncü yeri tutur və iki ölkə arasında əmtəə dövriyyəsinin 100 milyard dollara çatdırılması hədəflənir.



Qeyd edək ki, Rusiya-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının iclasından sonra dövlət başçılarının iştirakı ilə iki ölkənin işgüzar dairələrinin biznes forumu keçirilib.

Azvision.az



Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti