Bu gün 27 mindən çox şagird imtahan verəcək

   Bu gün 27 mindən çox şagird imtahan verəcək
  07 Aprel 2019    Oxunub:3323
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, saat 11-də başlayacaq imtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə, ümumilikdə, 85 tapşırıq təqdim olunacaq. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.

İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda 63 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılışını daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 27659 nəfər 11-ci sinif şagirdinin (Bakının Yasamal rayonunda 2383, Binəqədi rayonunda 3118, Səbail rayonunda 1230, Xətai rayonunda 2944, Xəzər rayonunda 1874, Nərimanov rayonunda 2393, Suraxanı rayonunda 1747, Sabunçu rayonunda 3037, Nəsimi rayonunda 1709, Qaradağ rayonunda 1339, Nizami rayonunda 2026, Pirallahı rayonunda 246, Naxçıvan Muxtar Respublikasında 2915, Şirvan şəhərində 698) iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 189 imtahan rəhbəri, 2192 nəzarətçi‑müəllim, buraxılışı təşkil edən 207 əməkdaş və 63 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə), eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən universitetlər) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti