Almaniyadan tələb: “NATO buraxılsın!”

   Almaniyadan tələb:    “NATO buraxılsın!”
  05 Aprel 2019    Oxunub:3075
NATO dünyada təhlükəsizliyə təhdid yaradır və beynəlxalq hüquq normalarını sistemli şəkildə pozaraq, münaqişələri qızışdıraraq hərbi gücdən yalnız özünün “imperiya maraqlarının” müdafiəsi üçün istifadə edir. Buna görə də, alyansı ləğv etmək lazımdır.
Azvision.az xəbər verir ki, bu fikirləri Almaniya Bundestaqının (parlament) deputatı Aleksandr Noy “Die Freiheitsliebe” portalına müsahibəsində bəyan edib. Bildirib ki, NATO-nun 70 illiyi bayram üçün əsas deyil, əksinə, gec olmadan alyansın buraxılması barədə fikirləşmək üçün imkandır.

Noyun sözlərinə görə, son onilliklər ərzində NATO Yuqoslaviyada və Əfqanıstandakı müharibələrdə özünün əsl simasını göstərdi. İndi isə alyans özünün hakim ideoloji və iqtisadi nüfuzunun itirilməsindən ehtiyatlanır və bu səbəbdən də, silahlanmanı aktiv şəkildə artıraraq ard-arda yeni qarşıdurmalara gedir.

“Bütün bunlara son qoymaq lazımdır. Ona görə də, sol partiya Almaniyanın Şimali Atlantika Alyansından çıxmasını və NATO-nun buraxılmasını, əvəzində isə Rusiyanın da iştirakı ilə yeni kollektiv təhlükəsizlik sisteminin yaradılmasını tələb edir. Və bu yeni sistemin başlıca məqsədi isə kollektiv tərksilah olmalıdır” – Noy vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Yuqoslaviya   Rusiya   NATO   Almaniya  





Xəbər lenti