Ermənistan prezidenti milyonçu imiş - Pulun mənbəyi bilinmir

Ermənistan prezidenti milyonçu imiş -  Pulun mənbəyi bilinmir
  03 Aprel 2019    Oxunub:3930
Ermənistan prezidenti Armen Sarkisyan ölkədə korrupsiyanın qarşısının alınması ilə mübarizə aparmaq üçün yaradılan Yüksək Vəzifəli Məmurların Etika Komissiyasına ötən il ərzindəki gəlirləri və əmlakı barədə hesabat təqdim edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti Komissiyanın rəsmi saytına istinadən yazıb. Lakin aydın olub ki, milyonçu prezident öz varidatı barədə heç bir müfəssəl açıqlama verməyib və üstəlik, onun ciblərinə axan pulların mənbəyi də bilinmir.

“Komissiyanın rəsmi sənədinə əsasən, Ermənistan prezidenti hansı daşınmaz əmlaklara və daşına bilən mülkiyyəta sahib olduğunu açıqlamayıb. Təqdim etdiyi hesabatda Sarkisyan yalnız maliyyə vəsaitləri və gəlirləri barədə məlumat verib. 2018-ci ilin əvvəlində prezidentin maliyyə vəsaitləri 5 milyon 500 min avro, ilin sonunda isə 5 milyon 400 min avro təşkil edib. Armen Sarkisyan ötən ilki gəlirlərinin isə prezident maaşı hesabına 8 milyon 379 min 608 dram olduğunu deyib” – qəzet yazıb.

Lakin qeyd olunur ki, 2013-cü ildə cəmi bir neçə aylığa “Lydian International” şirkətinin direktorlar şurasının üzvü olması nəzərə alınmasa, ömrünü bir neçə ölkədəki səfir postlarında keçirən Ermənistanın hazırkı milyonçu prezidentinin bu qədər vəsaiti haradan toplaması ciddi suallar ortaya çıxarır: “Çünki yalnız diplomatik fəaliyyətdən bu məbləğdə pulun yığılması mümkünsüzdür. Prezident məvacibi ilə isə bu, ümumiyyətlə qeyri-realdır. O da var ki, Armen Sarkisyan hələ 2016-cı ildə Böyük Britaniyada səfir işləyərkən onun maliyyə vəsaitləri 6 milyon avrodan çox idi.”

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti