Nüfuzlu “qanuni oğru” azadlığa çıxır - FOTOLAR

 Nüfuzlu “qanuni oğru” azadlığa çıxır -  FOTOLAR
  02 Aprel 2019    Oxunub:5618
MDB məkanında ən nüfuzlu “qanuni oğru” hesab edilən gürcü əsilli Tariel Oniani gələn həftə həbsxanadan vaxtından əvvəl azadlığa çıxacaq.
Azvision.az “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, kriminal aləmdə “Taro” ləqəbi ilə tanınan Onianinin daha 3 il müddətinə inzibati nəzarətdə saxlanılması ilə bağlı Rusiya Federal Penitensiar Xidmətinin tələbi cinayətkarın Rusiyadan deportasiya ediləcəyi əsas gətirilərək məhkəmə tərəfindən rədd edilib.

Agentlik yazır ki, Taronun azadlığa çıxmasından sonra “1 nömrəli qanuni oğru” yeri uğrunda mübarizə kəskinləşəcək.

Qeyd edək ki, “qanuni oğru” Taro biznesmenin qaçırılması və qəsbkarlıqda təqsirləndirilərək 2009-cu ildə saxlanılıb. O, sərbəst buraxılması üçün 15 milyon rubl təklif etsə də, məhkəmə onun barəsində həbs qətimkan qərarını dəyişməyib. 2010-cu ilin iyulunda isə Tariel Oniani Moskva məhkəməsi tərəfindən 10 il həbs cəzasına məhkum edilib. Həmin vaxtlar məlumat yayılmışdı ki, “qanuni oğru” Taronun həbsdə saxlanılmasında Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvilinin marağı olub.

İstintaq zamanı nəzarətdə saxlanılma müddəti də nəzərə alınaraq, Taro 2019-cu ilin 11 iyulunda azadlığa çıxmalı idi. Lakin 2017-ci ildə məhkəmə vasitəsilə o, cəza müddətinin 9 il 10 ayadək azaldılmasına nail olur. Rusiya Federal Penitensiar Xidmətinin sənədlərində göstərilir ki, Tariel Oniani 2019-cu ilin 9 aprelində – bir həftədən sonra həbsxana divarlarını tərk edəcək.





Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Gürcüstan   Taro   Rusiya  





Xəbər lenti