Siyasətdən yorulan xalq şoumeni prezident seçir - ŞƏRH

  01 Aprel 2019    Oxunub : 2940
Siyasətdən yorulan xalq şoumeni prezident seçir - ŞƏRH
"Proqnozlaşdırıldığı kimi Ukraynadakı prezident seçkisinin birinci turunda artist və şoumen Vladimir Zelenski qələbə çaldı. Zelenskinin ikinci tura çıxan hazırki prezident Petro Poroşenko ilə arasındakı fərqi 13 faiz arasındadır. Heç bir siyasi təcrübəsi olmayan artistin illərin siyasətçilərini qabaqlaması nonsensdir. Görünür, bu ukraynalıların hazırki siyasətçilərdən və siyasi cərəyanlardan yorulması və verilən vədlərin yerinə yetirilməməsi ilə bağlıdır"
Bunu Ukraynadakı prezident seçkilərini Azvision.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.



Onun sözlərinə görə, Pyotr Poroşenkonun ikinci tura çıxması onun kiçik qələbəsi sayıla bilər: "Çünki, hələ 5-6 ay əvvəl Poroşenko reytinqinə görə, 5 və ya 6-cı sıralarda idi, müxalifətin namizədi Yuliya Timoşenkondan ən azı 15-18 faiz geri qalırdı. Ancaq seçki gününə yaxın Poroşenko və onun komandası toparlanaraq Timoşenkonu və digər namizədləri qabaqlaya bildilər. Əsl yarış bundan sonra başlayacaq. Seçkinin ikinci turu aprelin 21-dədir. İlk baxışdan 13 faiz fərqlə Zelenski ikinci turun da qalibi kimi görünə bilər. Üstəgəl ikinci tura çıxmayan Timoşenkonun (13 faiz) və Boykonun (10 faiz) elektoratının da Zelenskiyə səs verməsi onun prezident seçilməsi şansını artırır. Ancaq 20 gün içində bu durum dəyişə də bilər".



Politoloqun fikrincə, Vladimir Zelenski siyasətdə yeni adamdır, naşıdır, bir sözlə, çoxları üçün "qara qutu"dur.

"Gənclərin böyük əksəriyyəti ona səs verib. Bu, bir qədər də emosional qərar idi. Ancaq ikinci turda seçici ölkənin taleyini kimə etibar etməsi məsələsində ciddi düşünmək məcburiyyətində qalacaq. İkincisi, Vladimir Zelenskinin parlamentdə dəstəyi, fraksiyası yoxdur. Bunu da seçicilər ikinci turda nəzərə alacaqlar. Başqa sözlə, ikinci turda seçici ürəyi ilə deyil, ağlı ilə səs vermək məcburiyyətindədir.



Üçüncüsü, Poroşenko rəqibini televiziya debatlarına çağıracaq. Bu, Poroşenkonun nəyinə lazımdır? Poroşenko illərin siyasətçisidir, yaxşı natiqdir. Bu xüsusiyyətlərin heç biri Zelenskidə yoxdur. O, birinci turdan öncə jurnalistlərə siyasi mövzularda müsahibə verməkdən yayınırdı. Çünki, onun nə konkret proqramı və komandası var, nə də ölkə qarşısındakı ciddi problemlərin həlliylə bağlı düşüncələri formalaşıb. Zelenski televiziya ekranları qarşısında rəqibi ilə debatlara razılaşsa, ciddi suallarla üzləşəcək. Zelenski debatlardan itmina edərsə, bu, onun zəifliyi kimi görsənəcək və reytinqinə mənfi təsir edəcək".

E.Şahinoğlu hesab edir ki, Poroşenko üçün hələ heç nə itirilməyib. Belə ki, Gürcüstanda oxşar hadisələr baş vermişdi.



"Gürcüstanda prezident seçkisinin birinci turunda müxalifətin namizədi Vaşadze rəqibi Zurabişvilini xeyli qabaqlayırdı və çoxları onun ikinci turda asanlıqla prezident seçiləcəyini proqnozlaşdırırdı. Ancaq administrativ resurslar və yağlı vədlər hesabına Zurabişvili ikinci turda qələbə çaldı. İkinci tura yaxın Poroşenko da eyni taktikadan istifadə edəcək. O da seçicilərə elə vədlər verə bilər ki, bu seçiciləri şirnikləndirə bilər".



Ukraynadakı prezident seçkisinin Azərbaycanda diqqətlə izlənildiyini söyləyən politoloq fikirlərini belə əsaslandırıb: "Bu, təbiidir. Ukrayna ilə sıx əlaqələrimiz var, orada təxminən 500 min azərbaycanlı yaşayır. Zelenski Ukraynanın prezidenti seçilərsə, oliqarx İqor Kolomoyskiy bir müddət ölkənin əsas fiquruna çevriləcək. Zelenski öz şouları ilə məhz Kolomoyskinin nəzarət etdiyi televiziya kanalında məşhurlaşıb. Digər tərəfdən, Zelenskinin seçkiqabağı kampaniyası da Kolomoyski tərəfindən maliyyələşdirilir. Kolomoyski Petro Poroşenkodan narazıdır. Çünki Poroşenko bir neçə il əvvəl Kolomoyskinin ölkə siyasətinə təsirini azaltmaq üçün onun ölkəni tərk etməsini istədi. Kolomoyski bir müddət İsveçrədəki villasında yaşadı, daha sonra İsrailə köçdü. Poroşenko Kolomoyskini siyasətdən uzaqlaşdıra bilmədi. Çünki Kolomoyski ölkə kənarından da Ukraynadakı siyasi proseslərə təsir etdi və Zelenski onun uğurlu layihəsi sayılır. Zelenski qələbə qazanarsa, Kolomoyski Ukraynaya qayıdacaq və Poroşenkodan iniqam almağa çalışacaq".



E.Şahinoğlu vurğulayıb ki, Zelenskinin dostları arasında ermənilər çoxluq təşkil etdir: "Bu baxımdan Zelenskinin Cənubi Qafqaza baxışı maraqlıdır. Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. Prezident İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Ona görə də Azərbaycan üçün ideal variant Poroşenkonun yenidən prezident seçilməsidir. Ancaq Zelenskinin Ukrayna prezidenti seçilməsi də Azərbaycan üçün problem yaratmayacaq. Ukrayna GUAM çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Zelenski bu reallıqları nəzərə almaq məcburiyyətindədir. Eyni ilə Zurabişvili də seçkidən əvvəl ermənilərlə görüşmüş və onlara simpatiyasını ifadə etmişdi. Ancaq seçkidən sonra Zurabişvili bölgə ölkələrindən ilk olaraq Azərbaycana səfər etdi. Çünki Zurabişvili də mövcud reallıqlarla hesablaşmaq məcburiyyətində qaldı".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Ukrayna   Seçki