Tramp Kimdən bütün nüvə silahlarını ABŞ-a verməyi tələb edib

 Tramp Kimdən bütün nüvə silahlarını ABŞ-a verməyi tələb edib
  30 Mart 2019    Oxunub:2307
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina ölkəsinin malik olduğu bütün nüvə silahlarını Amerikaya göndərməsini təklif edib.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, belə bir təklif 27-28 fevralda Vyetnamın paytaxtı Hanoyda keçirilən II ABŞ-Şimali Koreya sammitində irəli sürülüb.
Qeyd olunur ki, bu, Trampın Şimali Koreyanın tam nüvəsizləşdirilməsi proqramının əsas bəndlərindən biri olub.

Trampın təklifində təkcə nüvə başlıqlarının ABŞ-a təhvil verilməsi yox, həm də Pxenyanın Şimali Koreyanın bütün nüvə infrastrukturunu sökməsi, kimyəvi və bioloji silahların hazırlanması proqramını ləğv etməsi, ballistik raketlərini və raket buraxılış qurğularını məhv etməsi, eləcə də, sadalananlarla əlaqəli ikili təyinatlı istehsalı dayandırması tələb olunur.

ABŞ prezidenti, həmçinin Şimali Koreyada indiyədək nüvə proqramı sahəsində çalışan alim və mühəndislərin kommersiya fəaliyyəti sferasına köçürülmələrini, amerikalı və beynəlxalq müfəttişlərə isə onları maraqlandıran bütün obyektlərə tam sərbəst girişlərinin təmin edilməsini istəyib.

Lakin Hanoyda keçirilən sammitdə Şimali Koreya lideri Kim Çen In Trampın bu təkliflərini rədd edib. Elə məhz həmin anda tərəflər konkret razılığa gəlmədiklərinə görə sammit vaxtından əvvəl yekunlaşıb və görüşlərin sonunda birgə bəyannamə imzalanmayıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Pxenyan   ŞimaliKoreya   ABŞ   Vyetnam  





Xəbər lenti