Çavuşoğlu və Lavrov birgə mətbuat konfransı keçirib

 Çavuşoğlu və Lavrov birgə mətbuat konfransı keçirib
  29 Mart 2019    Oxunub:1923
Antalya şəhərində Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun 7-ci iclası başa çatıb. Toplantıdakı nümayəndə heyətlərinə rəhbərlik edən Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov iclasdan sonra birgə mətbuat konfransı keçiriblər.
Azvision.az xəbər verir ki, nazirlər ikitərəfli münasibətlərin inkişaf dinamikası, o cümlədən də ticarət və viza sahələrində əldə olunan razılaşmaları yüksək qiymətləndiriblər.

Əsas müzakirə mövzularından olan Suriya məsələsinə gəlincə, Lavrov bildirib: “Suriyanın şimal-şərqindəki vəziyyət Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət, eləcə də, Türkiyə Respublikasının təhlükəsizlik maraqlarının tam nəzərə alınması ilə həll olunmalıdır”

Çavuşoğlu isə öz növbəsində vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı rəsmi Ankaranın mövqeyi dəyişməyib: “Biz həmişə açıq şəkildə bunu bəyan etmişik. Görüşdə biz BMT-dəki həmkarlarımız və sözsüz ki, Suriya hökuməti və müxalifəti ilə qarşılıqlı əlaqə və əməkdaşlıq çərçivəsində Suriyada konstitusiya komitəsinin yaradılması prosesinin sürətləndirilməsinə razılaşdıq.”

Bununla belə, türkiyəli nazir kürd silahlılarına dəstək verən Vaşinqtonun Suriyaya dair konkret planının olmamasından da şikayətlənib: “Onu da deməliyəm ki, ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmasına dair aydın strategiyası, fəaliyyət planı yoxdur. Ona görə də, bu məsələ ilə bağlı ziddiyyətli yanaşmalar ortaya çıxır.”

Çavuşoğlu əlavə edib ki, Türkiyə-Rusiya münasibətləri hər gün daha da yaxşılaşır və danışıqlar zamanı onlar həm də, prezidentlərinin 8 apreldə Moskvada baş tutacaq görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Türkiyəli nazir həmçinin, gələcəkdə Türkiyə ilə Rusiya arasında viza rejiminin tam ləğvinə nail olunması üzərində işlədiklərini açıqlayıb.

Qeyd edək ki, Antalya görüşü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə aprelin 8-də Moskvada keçirilməsi nəzərdə tutulan Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının iclasına hazırlıq məqsədi daşıyır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   Rusiya  





Xəbər lenti