İspaniyalı nazir separatçı suala görə canlı efiri yarımçıq kəsdi - VİDEO

İspaniyalı nazir separatçı suala görə canlı efiri yarımçıq kəsdi -   VİDEO
  28 Mart 2019    Oxunub:3844
İspaniyanın xarici işlər naziri Jozep Borrel Almaniyanın “Deutsche Welle News” telekanalına verdiyi canlı müsahibə zamanı müxbirin Kataloniya separatçıları ilə bağlı sualına sərt şəkildə reaksiya verərək efiri tərk edib.
Azvision.az xəbər verir ki, alman jurnalist “ispanların 70%-i konstitusiyanın dəyişdirilməsini istəyir” deyərək, İspaniya Sosial Araşdırmalar İnstitutunun (CIS) Kataloniya məsələsi ilə bağlı bəzi sənədlərini paylaşıb və sonra İspaniya xarici işlər nazirinə “Niyə Kataloniyanın öz gələcəyinə dair qərarvermə hüququnu təmin edəcək konstitusiya quruluşunu İspaniya parlamentində müzakirəyə çıxarmırsınız?” sualını verib.

Borrel isə cavabında bildirib ki, katalonlar basklar kimi İspaniya parlamentinə hansısa təklif irəli sürməyib və jurnalistin təqdim etdiyi məlumatlar yalandır. Daha sonra isə ispan nazir əlini kameraya doğru qaldıraraq “dayan” deyib və köynəyindəki mikrofonu çıxartdıqdan sonra müsahibə məkanını tərk edib. Nazirin Kataloniya separatçıları ilə bağlı suala təpkisi və müsahibəni yarıda kəsməsi televiziyada canlı yayımlanıb və efir anidən qaralıb.

“Deutsche Welle News” telekanalı bildirib ki, yaşanan gərginlikdən sonra Jozep Borrel məsləhətçilərinin tövsiyəsi ilə geri dönərək müsahibəni tamamlayıb.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kataloniya   İspaniya   Almaniya  





Xəbər lenti