Vyana danışıqları öncəsi Mnatsakanyanın Lavrovla məxfi görüşü

 Vyana danışıqları öncəsi Mnatsakanyanın Lavrovla məxfi görüşü
  26 Mart 2019    Oxunub:4031
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan 22-23 mart tarixlərində Moskvaya gizli səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla məxfi görüş keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “168 saat” qəzeti etibarlı diplomatik mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, Mnatsakanyanın Lavrovla gizli danışıqları 29 martda Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında baş tutacaq ilk rəsmi görüşlə əlaqədardır.

“Həmin görüşdə nələrin müzakirə ediləcəyi və tərəflərin konkret hansı məsələlər ətrafında danışıqlar aparacağı barədə məlumat verilmir. Amma aydındır ki, ən azı nazirlər səviyyəsində bu cür görüşə hazırlıq gedir. Bir neçə gün əvvəl Mnatsakanyanla Lavrov arasında telefon söhbəti baş tutdu və onun məzmunu barədə açıqlama verilmədi. İndi isə bəlli olur ki, gizli telefon söhbətindən sonra Mnatsakanyan Moskvaya məxfi səfər də edib və bununla bağlı heç bir informasiya yaymayıblar” - qəzet yazıb.

Daha sonra “168 saat” qəzeti əldə etdiyi məlumatın dəqiqliyini yoxlamaq üçün Ermənistan XİN-ə sorğu göndərərək, 22-23 mart tarixlərində Mnatsakanyanın ölkədə olub-olmamasını öyrənmək istəyib: “Biz XİN-dən Mnatsakanyanın baş nazir Nikol Paşinyanın təlimatı ilə Moskvaya ezamiyyətə göndərilib-göndərilmədiyini, orada hansı görüşlər keçirdiyini dəqiqləşdirməsini və niyə bu haqda heç bir rəsmi məlumat verilmədiyinə aydınlıq gətirməsini istədik”.

Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan isə sorğuya cavabında deyib: “21 martda xarici işlər naziri Zohrab Mnatsakanyan İrəvan şəhərində olub. Amma 22 martda paytaxtda olmayıb. XİN bu haqda məlumat yaymayıb, çünki buna ehtiyac görməyib”.

Qəzet yazıb ki, XİN-in bu cavabı Ermənistan xarici işlər nazirinin martın 22-də Moskvada Rusiyanın baş diplomatı ilə məxfi danışıqlar apardığını və martın 23-nə keçən gecə İrəvana döndüyünü dolayısilə təsdiqləyir.

Mnatsakanyan özü isə yayılan xəbərləri şərh etmək üçün “Sputnik” və “Yerkir.am”a açıqlama verib. Amma maraqlıdır ki, o, Moskvada Lavrovla məxfi görüş keçirdiyini nə inkar, nə də təsdiq edib. Bununla belə, bildirib ki, martın 22-də həqiqətən də İrəvanda olmayıb.

“Mənim hərəkətlərimdə heç bir konfidensiallıq olmayıb. Hökumət üzvlərinin hansısa səhv hərəkət edə biləcəyini düşünmək, sadəcə absurddur”- Mnatsakanyan deyib.

Ermənistan XİN rəhbəri, həmçinin əlavə edib ki, onun öz funksiyası və öz işi var. Və bu funksiyaların icrasına həm telefon danışıqları aparmaq, həm də İrəvan və onun hüdudlarından kənarda görüşlərin keçirilməsi daxildir.

Mnatsakanyan Ermənistan və Azərbaycan liderləri arasında keçiriləcək ilk rəsmi görüşün dəqiq nə zaman və harada baş tutacağı ilə bağlı sualı da cavablandırıb: “Görüş məqamı çox yaxındır. Amma tərəflər arasında formalaşan mədəniyyətə uyğun olaraq, bu və ya digər görüş barədə yalnız qarşılıqlı razılaşmadan sonra xəbər verilir. Həm Ermənistan, həm Azərbaycan tərəfi və eləcə də həmsədrlər görüş barədə sinxron şəkildə məlumat yayacaq”.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ   Azərbaycan   Rusiya   Vyana  





Xəbər lenti