İsraildə Azərbaycan musiqisini təbliğ edən Semyon Rabayev - FOTOLAR

   İsraildə Azərbaycan musiqisini təbliğ edən Semyon Rabayev -    FOTOLAR
  26 Mart 2019    Oxunub:7971
Bizimlə uzun illər eyni cəmiyyətdə yaşamış, bu gün dünyanın müxtəlif ölkələrində məskunlaşan Azərbaycan yəhudiləri sözün əsl mənasında diqqət və ehtirama layiqdirlər. Harada yaşasalar da Azərbaycan naminə soydaşlarımızdan az iş görmürlər. Çox vəfalı, sədaqətli olurlar. Bugünkü qəhrəmanım onlardan biri, Senya Salman kimi tanınan Semyon Rabayevdir.
O, 1950-ci ildə Bakıda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub. 1971-ci ildə oranı mühəndis- iqtisadçı kimi başa vurub. 1971-1981-ci illərdə Elektromaş elmi-istehsalat birliyində kiçik elmi işçidən başlayaraq laboratoriya müdiri vəzifəsinədək yüksələ bilib. 1981-1983-cü illərdə Bakı Avtomobil Zavodunda plan-iqtisadiyyat şöbəsinə rəhbərlik edib. 1983-cü ildə yenidən "Elektromaş"a qayıdıb və 1990-cı ildə İsrailə köçənədək orada laboratoriya müdiri vəzifəsində çalışıb.



Böyüyüb boya-başa çatdığı ailə çoxuşaqlı olub. Atası Zaxaryo Rabayev kamança ifaçısı idi. Əvvəllər Zabrat Mədəniyyət Evində ansambla rəhbərlik edib. Sonradan böyük ailəsini dolandırmaqdan ötrü işini dəyişərək Bakı Çaxır Zavodunda ekspeditor işləyib. Qardaşı Daniil Rabayev Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb, uzun illər M.F.Axundov adına Opera və Balet Teatrında baletmestr vəzifəsində çalışıb. Ömür-gün yoldaşı Anya xanım Bakıda yaşayarkən təşkilatlardan birinin mühasibi olub. Hazırda təqüddədir. Üç övladı var, bir oğlan, iki qız. Qızları ali təhsillidir, oğlu isə aşpaz işləyir.



İsrailin Hayfa şəhərinə gəldiyi ilk illərdə çox çətinlikləri olub. İvrit dilini öyrənməkdən ötrü "İLPAN" məktəbində oxuyub. Vergi idrəsinə işə düzələnədək müxtəlif yerlərdə çalışıb və məşhur Texnion İnstitutunu bitirib. 1993-cü ildən 2014-cü ildə təqüdə çıxanadək vergi idarəsində arxiv rəisindən başlayaraq qrup rəhbəri vəzifəsinə qədər yüksələ bilib. Azərbaycan mahnılarını oxumaqla yanaşı kamnçada da mükəmməl ifa edir. Müəllimi əməkdar artist, tanınmış kamança ustası Abdulla Abdullayev olub. İndiyədək dörd SD diski çıxıb. Həmin disklərdə yəhudi, rus mahnıları ilə yanaşı azərbaycan mahnıları da yer alıb. Tezliklə instrumental ansambl yaratmağı planlaşdırır. Hazırda Bakı haqqında mahnı üzərində işləyir.



Deyir ki,- "Bəlkə də inanmayacaqsız, elə günüm olmayıb ki, Azərbaycanı düşünməyim. Keçmiş 1 may küçəsində, dəmir yolu vağzalının qarşısındakı meydanda gəzib dolaşmaqdan ötrü çox darıxıram. Bakıda hazırlanan göyərti qutabı, düşbərə, lülə kabab üçün burnumun ucu göynəyir. Tez-tez Azərbaycan televiziya kanallarını seyr edirəm. Sevinirəm ki, Azərbaycan son illər xeyli inkişaf edib. Canım-gözüm Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.



Muğamın, eləcə də xalq, bəstəkar mahnılarımızın vurğunudur, saatlarla dinləsə yorulmaz. Azərbaycan mahnılarını İsraildə sevə-sevə təbliğ edən bu mehriban, gülərüz insanın sözlərindəki səmimiyyəti duymamaq mümkün deyil. Azərbaycana o qədər bağlıdır ki, bütün söhbətimiz boyu bu sevginin təsiri altında olduğunu gözlərindən oxuyurdum. Bu ilin aprel ayında "İsrail Azərbaycan Cəmiyyəti"nin xətti ilə Bakıya dəvət olunduğunu söyləyir. Artıq səfər proqramını da hazırlayıb- konsert və doğma Bakıda istirahət…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Azvision.az



Teqlər: İsrail   Azərbaycan  





Xəbər lenti