ABŞ-da bir ilk - Məscidləri qorumağa başladılar

ABŞ-da bir ilk   - Məscidləri qorumağa başladılar
  24 Mart 2019    Oxunub:2871
Yeni Zelandiyada 2 məscidə edilən terror hücumu nəticəsində 50 nəfərin öldürülməsindən sonra oxşar faciənin əvvəllər bu cür hücumlarla üzləşən ABŞ-da təkrarlanmasının qarşısını almaq və Amerikada məscidlərdə ibadət edən müsəlmanların təhlükəsizliyinin təmini məqsədilə “Müsəlman İcması Patrulu” adlı xidmət fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, ABŞ-da bir ilk olan və könüllülük prinsipi üzrə yaradılan bu xidmət hələ ki təkcə Nyu-Yorkdakı məscidlər və müsəlman məktəblərinin önündə patrul həyata keçirirlər. Bunula da, şəhər polisinin imkan edib çatdıra, yaxud bacara bilmədiyi ərazilərdə müsəlmanların təhlükəsizliyini və bütövlükdə asayişi təmin etməyə çalışırlar.

“Müsəlman İcması Patrulu”nun təsisçisi Sami Uddin Razi bəyan edib ki, Yeni Zelandiyadakı terrordan sonra Nyu-Yorkun hər bölgəsindən, hətta şəhər kənarından da təhlükəsizlik məsələsi barədə çoxsaylı istək və tələblər daxil olub.

“Əgər Yeni Zelandiyadakı hadisənin eynisini bir daha yaşayarsaq, onda bizə ar olsun. Bu təhdidlərin qarşısını “Müsəlman İcması Patrulu” nümunəsində öz təhlükəsizlik qurumlarımızla almalıyıq. Amerika öz təhlükəsizliyi naminə mübarizə aparmayanlara hörmət etməz” - Uddin Razi vurğulayıb.

Onun sözlərinə görə, ianələr sayəsində yaradılan bu xidmətin genişlənməsində hər kəs iştirak etməli, maddi və mənəvi dəstəyini verməlidir.

Bruklin şəhərinin meri Erik Adams da bu təşəbbüsü dəstəkləyib. O hətta “Müsəlman İcması Patrulu”na qarşı sosial şəbəkələrdə rast gəlinən islamofob fikirlərə də toxunaraq onları kəskin qınayıb. Bildirib ki, Nyu-Yordakı yəhudi icmasının da özlərinə məxsus xüsusi patrul xidmətləri fəaliyyət göstərir və nədənsə heç kəs buna etiraz etmir.

Qeyd edək ki, Uddin Razi hələlik xidmətdə üzərində ərəbcə “səlamünəleyküm” də yazılan 2 ədəd “Müsəlman İcması Patrulu” avtomobilinin və növbəli şəkildə işləyən 40 könüllünün olduğunu deyib. Bildirib ki, gələcəkdə patrul həyata keçirən maşınların və əməkdaşların sayı artırılacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: YeniZelandiya   Nyu-York   ABŞ  





Xəbər lenti