Tramp əleyhinə 22 aylıq istintaqın yekunu açıqlanacaq

  Tramp əleyhinə 22 aylıq istintaqın yekunu açıqlanacaq
  24 Mart 2019    Oxunub:2848
ABŞ qanunvericiləri, xüsusən də demokratlar ölkə prezidenti Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerikadakı 2016-cı il prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin 22 aylıq istintaqı başa vuraraq onun nəticəsi barədə ABŞ baş prokuroru Uilyam Barra təqdim etdiyi hesabatın ictimaiyyətə açıqlanmasını tələb edirlər.
Azvision.az “Reuters”ə istindən xəbər verir ki, Barr hesabatın tədqiq edilməsi üçün ötən gün 9 saat vaxt sərf edib. O bildirib ki, həftəsonu, yəni bu gün hesabatın “prinsipial yekunlarına” dair Konqressə və ictimaiyyətə qısa xülasə təqdim edə bilər.

Müllerin apardığı istintaqın nəticələrini tam ictimailəşdirmək, yaxud onu gizli saxlamaq barədə qərar vermək səlahiyyəti baş prokuror Uilyam Barra məxsusdur. Onun qısa xülasədən əlavə, hesabatla bağlı açıq və geniş bəyanatla çıxış edib-etməyəcəyi bilinmir.

Həmçinin qeyd olunur ki, Müller 22 martda istintaqın nəticələrini Barra verərkən heç bir yeni iddianamə təqdim etməyib. Bu isə o deməkdir ki, Rusiya ilə əlaqələrinə dair Trampa qarşı daha heç bir cinayət ittihamı irəli sürülməyəcək.

Bundan əvvəl Nümayəndələr Palatasının altı komitəsinin demokrat liderləri Barra yazılı mətub ünvanlayaraq bəyan etmişdilər ki, istintaq nəticəsində ABŞ prezidentinin qanunu pozması barədə tutarlı dəlil aşkarlanıbsa, bu cür məlumat gizlədilməməli və Tramp məsuliyyətə cəlb edilməlidir. Demokratlar həmçinin, hesabatın tam mətninin dərc olunmasını tələb edirlər.

Donald Tramp isə özünə qarşı aparılan istintaqın nəticələri ilə bağlı məxfi hesabatın dərc edilməsinə etiraz etmir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Konqress   İstintaq   ABŞ   Rusiya   Tramp  





Xəbər lenti