Niderlanddakı silahlı hücum terakt ola bilər

Niderlanddakı silahlı hücum terakt ola bilər
  18 Mart 2019    Oxunub:1311
Niderlandın mərkəzindəki Utrext şəhərində naməlum şəxsin tramvaya silahlı hücum etməsində terror motivləri ola bilər.
Azvision.az xəbər verir ki, bu barədə Utrext polisi öz rəsmi "Tvitter" səhifəsində bəyan edib.

“Polis silahlı atışmanı araşdırır. Araşdırma zamanı terror motivi mümkün ehtimal kimi nəzərdən keçirilir”, –bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu gün Utrextdə tramvaya açılan atəş nəticəsində azı bir nəfər ölüb, bir neçəsi isə yaralanıb.

“De Telegraaf”ın məlumatına görə, hücumu həyata keçirən naməlum silahlı şəxs hadisə yerinən qaçmağa müvəffəq olub. Hazırda insidentin baş verdiyi əraziyə şəhər polisinin anti-terror bölməsinin əməkdaşları cəlb olunub.

İnsidentlə əlaqədar Niderland hökuməti Utrext şəhərində terror təhlükəsini ən yüksək səviyyəyədək yüksəldib. Silahlı şəxsin hələ də azadlıqda olması üzündən, polis şəhərdə bütün məktəblərin və digər təhsil müəssisələrinin bağlanmasına dair göstəriş verib.



Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Niderland  





Xəbər lenti