Kəşmirdə atəşkəs yenə pozuldu - Hindistanlı hərbçi ölüb

Kəşmirdə atəşkəs yenə pozuldu -   Hindistanlı hərbçi ölüb
  18 Mart 2019    Oxunub:2093
Kəşmirdəki faktiki sərhəd xəttində Pakistan tərəfindən atəşkəsin pozulması nəticəsində azı bir hindistanlı hərbçi ölüb, 3-ü isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti Hindistan ordusundakı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Pakistan Silahlı Qüvvələri bu gün səhər saat 05:30 radələrində Hindistanın Cammu və Kəşmir ştatındakı Racauri rayonunun Sanderbani zonasına atəş açıblar. Hindistan hərbçiləri də cavab atəşilə qarşı tərəfi susdurmağa çalışıb. Atışma 2 saata yaxın davam edib.

Xatırladaq ki, 14 fevralda mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarəti altındakı Cammu və Kəşmir ştatında “Caiş-e-Mohamməd” terror qruplaşmasının hindistanlı hərbçilərin konvoyuna hücumu nəticəsində 45 nəfərin ölümündən sonra iki nüvə ölkəsi arasındakı münasibətlər gərginləşib. İndiyədək hind təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücum kimi qiymətləndirilən bu hadisəyə görə Hindistan hökuməti qonşu Pakistanı ittiham edərək, terrorçuları himayə etdiyini deyib. Lakin rəsmi İslamabad insidentlə heç bir əlaqəsinin olmadığını bildirib. Münasibətlərdəki gərginlik səbəbindən hər iki ölkə səfirlərini qarşılıqlı olaraq geri çağırmışdılar.

Daha sonra hücuma cavab olaraq Hindistan mübahisəli Kəşmir bölgəsinin Pakistanın nəzarətində olan hissəsindəki terror düşərgələrinə hava zərbələri endirib, ardınca isə Pakistana məxsus 3 PUA-nı təyyarəni ələ keçirib. Pakistan da qonşu ölkənin Kəşmirdəki faktiki sərhədi pozan qırıcısını vuraraq pilotunu əsir götürüb. Sonradan pilotu geri qaytarmasına baxmayaraq, Kəşmirdə iki ölkə arasındakı atəşkəs rejimi mütəmadi şəkildə pozulur.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Kəşmir   Pakistan   Hindistan  





Xəbər lenti