Serbiyadakı etirazlarda 18 nəfər həbs olunub

  18 Mart 2019    Oxunub : 596
Serbiyadakı etirazlarda 18 nəfər həbs olunub
Ötən gün Serbiyanın paytaxtı Belqradda keçirilən hökumət əleyhinə etiraz aksiyalarında polis 18 nümayişçini həbs edib.
Azvision.az xəbər verir ki, bu barədə Belqradın polis direktoru Vladimir Rebiç bu gün “RTS” telekanalının efirində bəyan edib.

Onun sözlərinə görə, saxlanılan etirazçılardan 6-sına 30 sutkalıq həbs cəzası verilib, biri isə cərimələnib. Bildirib ki, bundan sonra aksiyalarda qanunu pozanların hər biri məsuliyyətə cəlb olunacaqlar.

Rebiç həmçinin vurğulayıb ki, dünənki etiraz aksiyalarını yatırmağa çalışarkən 6 polis əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, 16 və 17 martda Belqradda müxalifətin iştirakı ilə hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar Serbiya prezidenti Aleksandr Vuçiçi korrupsiya və avtoritarizmdə ittiham edərək, onun istefasını tələb ediblər. Aksiya zamanı nümayişçilər milli teleradio şirkətinin binasını ələ keçirməyə çalışıblar. Onlar həmçinin, Serbiya prezidentinin iqamətgahını mühasirəyə alıblar. Ölkə prezidenti Aleksandr Vuçiç isə etirazçıları “faşistlər, xuliqanlar və oğrular” adlandıraraq, onları məsuliyyətə cəlb edəcəyini deyib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Serbiya   Aksiya   Belqrad