Azərbaycanın iştirakı ilə Gürcüstanda NATO təlimləri başlayıb
Qeyd olunur ki, ikinci dəfədir keçirilən bu tip hərbi təlim daha irimiqyaslı olacaq. Təlimlərdə Azərbaycan da daxil olmaqla, 24 ölkədən 343-dən çox hərbçi iştirak edəcək. Həmçinin, bu dəfəki NATO hərbi təlimləri Gürcüstan Silahlı Qüvvələrinin rəhbərliyi altında keçiriləcək. Təlimə Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Departamenti (DPKO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) müşahidəçi və mentor qismində cəlb olunacaqlar.
Təlimlərdə məqsəd Gürcüstan Silahlı Qüvvələrinin, Şimali Atlantika İttifaqının və tərəfdaş ölkələrin birgə fəaliyyətini gücləndirməkdir. Hərbi təlimlər zamanı NATO baş katibi Yens Stoltenberqin də Gürcüstana gəlməsi gözlənilir.
Gürcüstanın müdafiə naziri Levan İzoriya “İmeli” telekanalına müsahibəsində bildirib ki, Tbilisinin NATO ilə əməkdaşlığı və keçirdiyi birgə hərbi təlimlər hansısa ölkəyə qarşı yönəlməyib.
Leyla Elbrusqızı
Azvision.az